Foto 10:35 15.01.2018

“Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik” kitabı təqdim olundu - FOTOLAR

Yüksək riskli hamiləlik və doğum üzrə mütəxəssis, cərrah mama-ginekoloq Dr. Səbinə Mirzəyeva "Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabını fəxri qonaqlara və media nümayəndələrinə təqdim etdi.

Qaynarinfo xəbər verir ki, tədbir yazıçı-jurnalist, eləcə də kitabın redaktoru Sevinc Çılğının çıxışı ilə başladı. Sevinc Çılğın qonaqları və media nümayəndələrini salamladıqdan sonra kitab və kitabın necə ərsəyə gəlməsi barədə fikirlərini qonaqlarla bölüşdü: 
 


"Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabda gələcək ananın hamiləlik dövründə qarşıya çıxan çətinliklərin öhdəsindən asanlıqla gəlməsi üçün yetərincə praktiki məsləhətlər verilib. Kitabda hamiləliklə bağlı ümumi və praktiki suallar nəzərdən keçirilib. Məsləhətlər toplusu olan bu kitabda hamiləliyə hazırlıq mərhələsi, hamiləliyin bütün həftələri, doğuş prosesi və doğuşdan sonrakı çətin, eyni zamanda məsuliyyətli dönəm haqqında bütün vacib məlumatları əldə etmək olar. Ana olmağa hazırlaşan, ucqar kəndlərdə yaşayan qadınlarımızın bu kitaba böyük ehtiyacı var”. 
 


Ardınca kitabla bağlı qısa videoçarx təqdim olundu və sonra söz müəllif Dr. Səbinə Mirzəyevaya verildi: 

"Ümid edirəm ki, kitab öz missiyasını layiqincə yerinə yetirəcək və bütün hamilələrin beyinlərini şübhədolu fikirlərlə və cavabını bilmədikləri suallarla  yormağa icazə verməyəcək. Xanımlarımız hamilə olduqlarını öyrəndikləri gündən körpələrini qucaqlarına aldıqları günə qədər bu kitabı oxuyacaq, həm mədəni istirahət etmiş olacaq, həm də ana olmağa hazırlıq mərhələsinə tam qüvvə ilə daxil olacaqlar. Bu kitabın ərsəyə gəlməsində durmadan inkişaf edən səhiyyəmizin rolunu da mütləq qeyd etmək lazımdır. Azərbaycan səhiyyəsi 35 ilə yaxın bir dövrdə bilavasitə ümummili liderimiz Heydər Əliyevin himayəsində olub. Ulu öndərimiz səhiyyəmizin misilsiz yüksəlişini, əsrlərcə irəliləmək iqtidarında olan tərəqqisini təmin edib və onun bu səhiyyə siyasəti prezidentimiz İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bu gün də uğurla davam etdirilir. Onların bizim səhiyyəyə göstərdikləri qayğı və verdikləri tövhələr biz həkimlərdə böyük bir məsuliyyət hissi oyadıb. Bunun nəticəsidir ki, bu gün biz belə bir kitabın dərc olunması münasibətilə bura toplanmışıq”.
 
 

Yüksək səviyyədə təşkil olunmuş tədbirin fəxri qonaqlarından biri, kitabın ön söz yazarı, millət vəkili Qənirə Paşayeva fikirlərini paylaşmaq üçün kürsüyə dəvət olundu:

"Kitabı vərəqlədim və ilk andan yüksək zövqlə işlənmiş tərtibat, kitabın sadə, anlaşıqlı dili, səmimiyyəti diqqətimi cəlb etdi. Düşünürəm ki, bu kitaba ölkəmizdə çox böyük ehtiyac var idi. Kitabın nə qədər tirajla çap olunduğunu bilmirəm. Amma təklif edirəm ki, siz bu kitabın əlçatanlığını artırmaq üçün onun PDF formasını yaradıb insanlara təqdim edəsiniz. Beləcə kəndlərimizdə, rayonlarımızda kitaba ehtiyac duyan hər bir qadın tam təmənnasız onu oxuya bilsin. Doğrusu, işlərimin çoxluğundan dolayı çağırılan tədbirlərin çoxunda iştirak edə bilmirəm. Ancaq bu tədbirə çox ürəkdən, istəyərək gəldim. Səbəbi isə Səbinə xanımın insanlığına duyduğum hörmətdir. Bir dəfə ön cəbhədə yaşayan sadə bir Azərbaycan qadını üçün Səbinə Mirzəyevadan kömək istəmişdim. O isə kömək əlini böyük mərhəmət hissi ilə uzatmışdı. Sonrasında həmin qadınla maraqlananda Səbinə xanımın qadına necə böyük diqqət və qayğı göstərdiyini eşitmişdim. Mənim üçün statusdan, vəzifədən önəmli olan insanlıq və mərhəmət hissidir. Bu isə Səbinə xanımda kifayət qədər var. Təbrik edirəm, uğurlarınız bol olsun”. 
 


Sonda çıxış edən cərrah Sona Əsgərova da bütün fikirlərə qoşulduğunu, bir həmkar kimi Səbinə Mirzəyevanın işini nə dərəcədə yaxşı bilən həkim olduğunu vurğulayaraq təbriklərə qoşuldu. 

Xatırladaq ki, Dr. Səbinə Mirzəyeva 2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında "YÜKSƏK RİSKLİ HAMİLƏLİK VƏ DOĞUŞ” üzrə təhsil proqramına yiyələnib və hazırda Baku Medical Plazada cərrah mama-ginekoloq vəzifəsində çalışır.

Nərmin Həsənli