Foto 12:35 15.10.2018

DSX-dan əməliyyat: 10 kilo narkotik, 5 mindən çox dərman (FOTOLAR)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən eti­barlı sərhəd mühafizəsinin təmin edilməsi, o cümlədən narkotik vasitə­lərin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DSX-dən Qaynarinfo-ya verilən məlumata görə, hadisə 11 oktyabr tarixində DSX Sərhəd Qoşunlarının "Horadiz” sər­həd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə saat 23:50 radələrində Beyləqan rayon 2-ci Şahsevən kəndi ərazisindəki sərhəd zas­tavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən 1 nəfərin naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfin­dən aşkar edilib.

Sərhədçilərin "dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq geriyə İİR tərəfə qaçıb. Həmin əraziyə baxış zamanı 1 ədəd sarı rəngli kisənin içərisində 10 kq 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərmanlar aşkar edilib.

Hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.