Ekonomiks 16:06 15.03.2013

Dünya avtomobilinin beşiyi "çökür"

Avtomobil sənayesinin beşiyi olan Detroyt borcları ucbatından iflasın astanasındadır. 

Miçiqan ştatının ən böyük şəhəri olan Detroytda bələdiyyənin borcları 1,5 milyard dollara çatıb. 

Detroytun iflasın astanasına gəlməsi  Miçiqan qubernatorunun "maliyyə baxımından fövqəladə vəziyyət" elan edərək xüsusi maliyyə müfəttişi təyin etməsiylə rəsmiləşib. 

Fövqəladə vəziyyət rejimi 1,5 il içərisində maliyyə böhranına çarə tapa bilməsə, şəhərin iflası açıqlanacaq. Bu baş verərsə, ölkə tarixinin ən böyük şəhər iflası olacaq.

İşsizlik səviyyəsinin 18 faizə çıxdığı şəhərin əhalisi son illərdə 700 minə qədər azalıb. Şəhər rəhbərliyi büdcə kəsirini azaltmaq üçün başda polis və yanğınsöndürmə xidməti olmaqla işdən çıxarmalara əl atır. Bu isə şəhərdə cinayət səviyyəsinin artmasına gətirib çıxarır. 

Qaynar.info