Hikmət Hacızadə "keçmiş səfir", "siyasətçi" epitetlərini çoxdan aşmış bir aydındır. Yaşıdlarının mütləq əksəriyyətindən yalnız düşüncələri ilə deyil, həyat tərzi ilə ilə də fərqlənən, nəsillər dəyişdikcə, hələ də gənclərin sevimlisi olaraq qalmağı bacaran bir insandır. Hikmət bəylə bir könül söhbəti etmək ehtiyacı hiss etdik və qapısını döydük. Azərbaycanın aydın, işıqlı və azad bir cəmiyyət olacağına inanan, bizləri də inandıran Hikmət Hacızadənin Qaynarinfo-ya verdiyi müsahibəni təqdim edirik.
- Azərbaycanda liberalizmin əsas nümayəndələrindən biri sayılırsınız. Bu yenə də belədirmi?
- Liberalizm dünyada qalib gəlmiş fəlsəfə və ideologiyadır. Mən də sadəcə olaraq, Azərbaycanda onun təbliğatçılarından biriyəm. Bu dünyada qalib gəlmiş bir cərəyandır və hazırda da davam edir. Bizdə isə liberalizm yox, afrikanizm cərəyanı inkişaf etdi. Amma sizin kimi gəncləri görəndə başa düşürsən ki, yox inkişaf hələ davam edir.
(Biz yenicə söhbətə başlamışdıq ki, fotoqrafımız Sultana da öz işini görürdü. Birdən Hikmət bəy tez telefonunu əlinə alıb "Bax, kadr budur. Mən bunu mütləq çəkməliyəm" deyib, fotqrafımızın şəklini çəkdi).
Sultana: Deyəsən qəşəng görünürəm (gülür).
- Bunlar hamsı liberalizmin nəticəsidir.
Söhbətə davam etmək üçün növbəti sualımı ünvanlayıram.
"Dünya demokratikləşir, sırğa taxır, fotolar çəkir, biz isə qalmışıq Afrika, banan, badımcan vəziyyətində"
- Bir dəfə "Ölkədə bir dənə belə etirazçı qalmasa da, biz yenə demokratik ölkə olacağıq", demişdiniz. Hələ də bu fikirdəsiniz?
- Mən tam olaraq elə deməmişəm ki, heç kim qalmasa... Kimsə mütləq qalacaq və sözünü deyəcək. Lakin bunun da bir fəlsəfəsi var. İndi onu açıqlayacam. Biz dünyanın bir parçasıyıq. Bu mümkün deyil ki, bütün dünya demokratikləşir, gedir qabağa. Sırğa taxır, fotolar çəkir. Biz isə qalmışıq Afrika, banan, badımcan vəziyyətində. Bu mümkün deyil. Azərbaycan demokratiya okeanında təcrid olunmuş ada kimi qala bilməz. Mütləq bizə də təzyiq edib dəyişəcəklər. İkincisi ən çətin və vacibi ondan ibarətdir ki, məsələn, siz dediniz ki, ölkədə bir dənə də etirazçı qalmasa... Bu fikri bir az da qabağa aparaq. Bütün xalq sidqi ürəkdən desə ki, "mən demokratiyaya nifrət edirəm, mən köləlik istəyirəm", hətta onun da məsələsini həll ediblər. İndi beynəlxalq hüquqda və hüquq fəlsəfəsində belə bir prinsip yaranıb. Heç kəs quldarlıqda qala bilməz. Hətta özü bunu istəsə də. Bu dünyanın beynəlxalq standartı və beynəlxalq sazişlərində artıq təsbit olunub. Bu cür sazişlərdə köləliyə qarşı mübarizə də yer tutur. Heç kəs qul ola bilməz, bunu özü istəsə də. Azərbaycan xalqı iki əlli belə bunu istəsə, mümkün deyil.
- Ola bilərmi ki, bu ləngiməyə səbəb bizim kiçik dövlət olmağımızla bağlı olsun? Böyük ölkələrdə bu proses çox tez baş verir, orda insanlar inkişafa daha meyilli olur...
-
Mən belə hesab etmirəm. Ölkənin kiçik və ya
böyük olmasının bura dəxli yoxdur. Gürcüstan bizdən böyük deyil, amma getdi
qabağa. Estoniya da həmçinin. Orda bir milyon yarım adam yaşayır. Bizdən yeddi
dəfə balacadır. Amma inkişaf var. O ki, qaldı iqtisadi geriləməyə o bizim öz
axmaqlığımızdan irəli gəlir. Biri budur.
İkincisi, bizim gözəl iqlimimiz var və bu iqlim şəraiti
bizi təmbəlləşdirir. Və işə yaramayan insanlar burda soyuqdan ölmür, əksinə
daha da inkişaf edir və çoxalır. Üçüncüsü isə SSRİ yetmiş ilə bizdən azadlıq hissini alıb.
Dördüncü isə
əlverişsiz geoqrafik vəziyyət. Avtoritar qonşu ölkələri... əsas da Rusiyanın
avtoritar təsiri özünü göstərir. Buna həmçinin də İran
da daxildir. Daha sonra Ermənistanla olan müharibə buna öz təsirini göstərib. Türkiyə isə artıq bizdən də
acınacaqlı haldadır. Xəzərin o tayindakı ölkələrə isə bəzdən beşbətərdir. Demək
olar ki, onlara biz işıq salırıq. Bu amillər bizim inkişafımızı ləngidir.
İntəhası mən sizin kimi insanları görəndə, inanıram ki, bu inkişaf gec-tez
özünü göstərəcək. Misal üçün, yağışlar başlayıb artıq, iqlim soyuyur (gülür). Belə bir teoriya var ki, pis iqlimdə demokratiya yaxşı
inkişaf edir. Ona görə belə havalarda mən sevinirəm ki, biz də inkişaf edəcəyik.
Amma yaxşı havada çimərliklər, dadlı yeməklər adamı təmbəlləşdirir. Etiraz etməyə
bəhanə də tapa bilmirsən (gülür).
"Bizim vaxtımızda Heydər Əliyev kimi inzibatçı olsaydı, inkişaf edə bilərdik"
- Sizin gənclik dövrünüzdə ölkədə istər siyasi, istərsə də mədəni bir təlatüm var idi. İndi isə adama elə gəlir ki, heç nə baş vermir. Hər şey çox stabildir. Cəsarətli gənclərin sayı barmaqla sayılcaq qədərdir. Bu barədə fikirləriniz nədir?
-Mənim gənclik dövrüm çox pis dönəmlərə, Sovetin
vaxtına düşüb. O zamanlar da, ümumiyyətlə, səs çıxarmağa imkan heç yox idi. Həmin
vaxtda sizin kimi gəlib kimsə məni heç vaxt çəkə bilməzdi və ya mən gedib bir
şey haqqında fikir bildirə bilməzdim. Elə şeylər yox idi. O dövr Stalinizim,
Berjnevizm dövrləri idi. Sonra Sovet
hökuməti çökməyə başladığı zaman tərpəniş başladı. Nəyə görə bu gün belə süstlükdür? Bu suala
cavab verə bilməyəcəm. Görünür bizimki gətirmədi. Gərək adamın bəxti gətirə.
Necə Məlikməmməd quyuya hoppandığı zaman qara qoyunun üstünə düşüb, bizim millətdə
həmçinin. Demokratiya tərəfində Heydər Əliyev kimi inzibatçı olsaydı, inkişaf edə bilərdik. Amma o başqa tərəfdə oldu. Bunu da
nəzərə alın ki, inkişafımız çox zəif gedirdi. Demək olar ki, nə
demokratik ənənəmiz var idi, nə də insanlarımız. Bir iki adam var idi. Onlardan
Əbülfəz Elçibəy, bir- iki yazıçı, bir iki alim var idi, vəssalam. Bunun da
üstünə Qarabağ məsələsi gəldi və bu qarışılıqda çox az qüvvə ilə ölkənin demokratları Azərbaycanın
3000 illik avtoritar tarixindən 1 il oğurlaya bildi. Bu möcüzə idi və baş tutmaya da bilərdi. Özbəkistandakı
kimi də ola bilərdi, amma bizdə
başqa cür oldu. O demokratları indi qınamaq yox, tərənnüm etmək
lazımdır. Bu cür az qüvvə ilə heç olmasa bir il qopara bildi və indiyə kimi cəmiyyətdə
bu bir ilin təsirləri var. İnkişaf isə yəqin ki, bayaq sadaladığım səbəblərə görə ləngiyir.
- Sizcə, gəncləri məişət problemlərinə yox, daha bəşəri problemlərin həllinə enerji sərf etməyə yönləndirmək üçün nə etmək lazımdır?
-Burda intelektuallığın təbliği getməlidir. İndi
demokratların əlində təbliğat "instrumentləri" yoxdur. Hamsı hökümətin
əlindədir və onlar da süstlük təbliğ edir. Amma sosial şəbəkələr var. Orda demokratlar və intellektuallar fəal
olmalıdırlar. Mən yüzə qədər intellektual gənclərimizin adını çəkə bilərəm.
Amma belə bir şey də var ki, onlar da ağıllanan kimi çıxıb gedirlər xarici ölkəyə.
Onları da təbii ki, qınamaq olmaz. İş tapmaq olmur, bu çirkin mühitdə yaşamaq olmur. Gedənlərin
də bəziləri aktiv olur, bəziləri olmur. Hələki, sosial şəbəkələr bizim əlimizdədir
aktiv olmaq lazımdır. Təbii ki, demokrat da, intellektual da öz şəxsi nümunəsi
ilə gənclərə təsir
etməlidir.
"Dostoyevski iqtidarçıdır, o, YAP-a üzv olub"
Xəbəriniz varmı ki, Hikmət
Hacızadəni sevən bir gənc kütlə var.
-Ooooooooo! Dayan görüm. Mən bunu ilk dəfədir ki eşidirəm. Bunu mütləq kağızda qeyd
etməliyəm və mütləq sizə qəşəng bir çay verməliyəm (gülür).
- Hikmət Hacızadə gənclərə hansı kitabları oxumağı və hardan başlamaq lazım olduğunu deyə bilərmi?
-
Mənim çoxlu sevimli kitablarım var. Onları bir neçə kateqoriyaya bölmək olar. Hazırda ixtisasla bağlı xüsusi kitablar oxuyuram, sosial elmlərlə bağlı. Amma indiyə kimi bədii, fəlsəfi, psixoloji demək olar ki, hər cür kitab oxumuşam. Gənclər üçün isə mütləq bir siyahı var. Məsələn, qoy onlar "Kitabi-Dədə Qorqud" dastanı ilə başlasınlar. Sonra qədim Yunan mifləri, Homerin "İliada və Odisseya", Servantes, Şekspir, Hüqo, Kamyu, Sartr və əlbəttə ki, rus ədəbiyyatından Tolstoy, Dostoyevski və s. siyahı çox uzundur.
- Müsahibələrinizin birində Dostoyevskini sevmədiyinizi qeyd etmisiniz.
- Dostoyevski iqtidarçıdır. Belə deyək, o dostlarını satıb YAP-a üzv oldu. Ciddi deyirəm. Dostlarını satır, keçir çarın tərəfinə. Hətta çar onu öz varisi üçün müəllim təyin edir. Bir məşhur romanı var - "Şeytanlar". Həmin əsərdə o xalq üçün ağlayanları və dəyişiklik etmək istəyən insanları çox biabırçı vəziyyətdə təsvir edir. Bir də onun yarımçıq qalan bir əsəri var "Netoçka Nezvanova" o əsəri mütləq oxuyun, dediyimi anlayacaqsınız. Bu əsərdə bir mülkədar o qədər varlı idi ki, öz qullarından kamera simfonik orkestri yaratmışdı. Hərəsinə bir musiqi aləti alır. Bu Almaniyada yaşayan bir dostu ilə yazışır və onu yaratdığı orkestrı dinləməsi üçün öz sarayına dəvət edir. Alman razılaşır, amma bir azdan "Gəlmirəm, sən qulları istifadə və istismar edirsən, alçaldırsan. Mən isə quldarlığın əleyhinəyəm" deyə cavab yazır. Araşdırma göstərir ki, bu qullardan biri mülkədarın alman dostuna məktub yazır ki, bəs burda bizdən istifadə edir, qürurumuzla oynayırlar. Öz əyləncələri üçün bizi meymun yerinə qoyublar. Mülkədar da qulu yanına çağırıb deyir ki, "Sən süpürgəçi idin, amma mən sənin əlinə skripka vermişəm, səni adam etmişəm, sən axı niyə belə yazırsan"?. Və mülkədar onu azad edir və qovur, skripkaçı qul isə sonra avara həyət sürür və ölür. Dostoyevskiy bütün roman boyu mülkədarı müsbət qəhrəman olaraq qələmə verir skripkaçı qul isə nankor və avara adam kimi bizə tanıtdırır. Mən bu əsəri oxuyandan sonra Dostoyevskidən elə bil iyrəndim.
- Sizcə incəsənətin hansı növü gənclərin dünyagörüşünə daha çox təsir edə bilər?
- Düşünürəm ki, daha çox filmlər və seriallar. Əsasən də Amerika istehsalı olanlar. Təbii ki, dava-dalaş və qorxu filmlərindən söhbət getmir. Psixoloji və demokratik mənası olan filmlər var ki, onları izləmək lazımdır. İndi Amerika kinematoqrafiyası gücü daha çox seriallara verib. Bir neçə serial var ki, onlara baxanda heyrətdən ağzın açıq qalır. Orda artıq mən süjetdın çox səviyyəyə baxıram ki, biz ona çata bilərik, ya yox. Məsələn, "Həkim Haus", "Qərb qanadları". İkinci dediyim serial "Ağ ev"dən bəhs edir. Onun qərb qanadında baş verən hadisələri təsvir edir. Amerikanın prezidenti və administrasiyası necə işləyir, onların hər dəqiqəsini göstərir. "Breaking bad" serialı var. Bu filmdə kimya müəllimi xərçəng xəstəliyinə tutulur və başlayır narkotik hazırlamağa. Görməmisən bu filmi?
-Yox, izləməmişəm.
-O... Əla. Mən sənə həsəd aparıram. Bu filmi izləyəndə nə qədər zövq alacaqsan. Bu yaxınlarda çox tragikomediya janrında film izləmişəm. "Orange Is the New Black" (Narıncı yeni qaradır). Bu serial qadın həbsxanasından bəhs edir. Burda mən maraqlı bir detalın fərqinə vardım. Serialda müsbət və ya mənfi xarakter yoxdur. Film boyu yaxşı insan dəyişib pis, əksinə, pis təqdim olunan xarakter isə müsbət biri ola bilir. Yəni ki, hadisənin gedişinə uyğun olaraq, insanlar özlərini yaşadıqları vəziyyətin içində kəşf edirlər. Daha sonra siz tarixi seriallar izləməlisiniz. Məsələn, "Vaşinqton cəsusu" çox yaxşıdır bu mövzuda. Amerikanın müstəqilliyi uğrunda olan savaşdan bəhs edilir. Əgər sən yaradıcı adamsansa, mütləq "Mad men" (Dəli adamlar) filmini izləməlisən. Burda yaradıcılıq millimetrlə təsvir olunub. Reklam sahəsində işləyən insanların hər gün yeni bir ideya tapmalı olduğundan bəhs olunur. Bu serialları izlədikcə davamı özü gəlir.
- Azərbaycanın gənc yazıçılarından bir gözləntiniz varmı?
-İndiki yaradıcı gənclər üçün vəziyyət çox qəlizdir. Niyə? Ona görə ki, artıq sərhədlər açıqdır və bütün dünya oxucunun ovcundadır. O hər gün o qədər şedevr görür ki, artıq Aqşin Yenisey və ya başqaları onu təmin etmir. Elə Azərbaycan telekanallarını götürək. Gün ərzində 4-ə yaxın Amerika filmi təqdim edirlər. Çoxusu da - şedevr. Bununla bizim yazıçı və ya kino rejissoru necə rəqabət aparsın. Artiq oxucular bizim yazıçıları qəbul edə bilmir. O səviyyə üçün çox güc sərf etmək lazımdır. Mən Ramiz Rövşəni, Mirzə Sakiti, Rasim Qaracanı qeyd eləyə bilərəm misal üçün... nə isə vəziyyət qəlizləşib hər yerdə dünya səviyyəli rəqabət gedir, biz də onun öhdəsindən gələ bilmirik.
"Eşidəndə ki, kimsə ailə qurub və uşaqları olub, çox qorxuram ki, biri də gəldi"
- Hikmət bəy, siz də Sabir kimi harda müsəlman görürsünüz, qorxursunuz?
- Çox qorxuram (gülür). Mənə kimsə deyəndə ki, filankəs ailə qurub və uşaqları olub. Mən o zaman çox qorxuram ki, biri də gəldi.
- Yeni ildə əfv fərmanı gözlənilir. Sizcə orda kimlərin adı ola bilər və ya siz kimlərin adının olmağını istərdiniz?
- Mən prosesi yaxından izləmirəm, amma istəyərdim ki, gənclərimiz azadlığa çıxsın. İstərdim ki, "heykəl məhbusları" azadlığa çıxsın. Azad adamlar azad olmalıdır.
- Mövzu mövzunu açar. Ukraynada Sakaşvili ilə bağlı baş verən son məsələlərə münasibətiniz necədir?
-Sakaşvilini mən 21-ci əsrin qəhrəmanlarından biri hesab edirəm. Ölkədə bəziləri deyir ki, özünü pis aparır, dama çıxır. Baş söhbətlərdir. Bu ölkə başı aşağı gedir, korrupsiya, oğurluq, Rusiyada bir tərəfdən. Ukrayna siyasi elitası isə heç nə etmirsiniz. O heç olmasa dama çıxıb oradan etirazını edir. Bəs siz nəsə edirsinizmi? Özləri heç nə etmir, onu da bəyənmir. Ukrayniyalı və bəzi rus intellektualların bu xoşuna gəlmədi ki, Sakaşvili özünü Çe Qevera kimi aparır. Populist çıxışlar edir. O Gürcüstanı sıfırdan qurdu. Özü də islahatları elmlə apardı. Burda iradədən başqa ağıl da lazım idi. Mişa da bunu bacardı.
- Necə düşünürsünüz, Azərbaycanda Saakaşvili olmağa namizəd var?
- Hazırda yoxdur. Amma indi onun hardasa böyüdüyünə inanıram. O sizin aranızdan çıxacaq. Bizim nəsildən bir şey çıxmadı. Siz təslim olmayın, davam edin. Elə adamlar var ki, onlara ətrafda baş verən heç nə təsir etmir: onu satdılar, döydülər, təhqir etdilər və ya sevdilər, sevmədilər o dayanmır yola davam edir! Demək istəyirəm ki, ümid yoxdursa, siz elə ümidsiz döyüşün! Hər şeydə: siyasətdə, biznesdə, geyimdə, davranışda, yeməkdə, kosmosda öz sözünüzü deməkdən qorxmayın.
Lalə Niftaliyeva
Foto: Sultana Əhmədbəyli
Şərhlər