İdman 14:58 07.10.2018

Dünya Çempionatı: millimiz İtaliyaya uduzdu

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində ilk oyununa çıxıb.

Qaynarinfo-nun məlumatına görə, rəqib İtaliya yığması olub. Osaka şəhərində təşkil olunmuş qarşılaşma İtaliyanın asan qələbəsi ilə yekunlaşıb. İlk setdə 12:25 hesabı ilə uduzan Azərbaycan millisi yalnız ikinci setdə ciddi müqavimət göstərə bilib. Nəticədə set 19:25 hesabı ilə yekunlaşıb. Üçüncü set isə daha erkən yekunlaşıb - 10:25.

Azərbaycan komandası oktyabrın 8-də Çinlə qarşılaşacaq.

Qeyd edək ki, I mərhələdə İtaliya B qrupunu 15 xalla lider kimi, Azərbaycan isə C qrupunu 6 xalla dördüncü pillədə başa vurub. Reqlamentə əsasən, 4 qrupda ilk 4 pilləni tutmuş komandalar II mərhələyə vəsiqə qazanıb. Burada isə ümumilikdə 16 komanda E və F qruplarına bölünüb. F qrupunda B və C qruplarında, E qrupunda A və D qruplarında ilk 4 yeri tutmuş yığmalar qərarlaşıblar. Azərbaycan İtaliya və Çindən əlavə, B qrupunda 3-4-cü yerləri tutmuş komandalarla - oktyabrın 10-da Türkiyə, oktyabrın 11-də Bolqarıstanla qarşılaşacaq.

Komandaların əvvəlki mərhələdə topladıqları xallar saxlanılıb. Buna əsasən, hazırda turnir cədvəlində İtaliya 18 xalla 1-ci, ABŞ 16 xalla 2-ci, Rusiya 15 xalla 3-cü, Çin 12 xalla 4-cü, Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı, Azərbaycan və Bolqarıstan hərəyə 6 xalla 7-8-ci pillədədirlər.

E və F qruplarında ilk 6 yeri tutacaq komandalar III mərhələyə yüksələcəklər.

Dünya çempionatı

II mərhələ

F qrupu

11:10. Azərbaycan - İtaliya - 0:3 (12:25, 19:25, 10:25)

Hakimlər: Anderson Kaçador (Braziliya), Suzana Mariya Rodriges Xativa (İspaniya)

Osaka (Yaponiya)