Dünya rekordçusu Azərbaycan millisindən imtina etdi

Dünya rekordçusu Azərbaycan millisindən imtina etdi

Slovakiya əsilli voleybolçu Yana Kulanın Azərbaycan milli komandasının Olimpiya Təsnifat Turniri üçün açıqlanan heyətdə yer almamasının səbəbi məlum olub.

APA-nın məlumatına görə, 2012-ci ildə milliləşdirilərək komandamıza cəlb olunan hücumçu Braziliyada keçiriləcək yarışın hazırlıqlarına yığma karyerasını başa vurduğu üçün qatılmayıb.

Belə ki, voleybolçularımız Qızıl Avropa Liqasından sonra Tokio-2020-yə lisenziya üçün hazırlığa start veriblər. Lakin 30 nəfərlik namizədlər arasında Y.Kulanın adı olsa da, o, yekun siyahıdan kənarda qalıb.

Dünya rekordçusunun Azərbaycan Voleybol Federasiyasının dəvətindən imtinasının səbəbi isə yığmadan ayrılmaq istəyidir. Bunu 32 yaşlı hücumçunun meneceri də əməkdaşımızla söhbətində təsdiqləyib: "Bəli, onu yığmaya çağırmışdılar. Lakin Yana daha əvvəldən federasiyanı milli karyerasını başa vuracağı barədə məlumatlandırmışdı. Bundan əlavə, tibbi baxımdan da onun iyulda oynaması mümkün deyildi. Yaponiyadakı gərgin mövsümdən sonra həkim də buna icazə vermirdi. Kulan hər zaman Azərbaycan pasportu daşımasından qürur duyur. Lakin idmançı milli ilə vidalaşmaq, gənclərə yol verməyin vaxtı olduğu qənaətinə gəlib”. 

Beləliklə, 198 sm boya malik Y.Kulan bir daha əsas komandamızda forma geyinməyəcəyi barədə qərar qəbul edib. O, son bir ildə belə addım atan ikinci voleybolçumuzdur. Ötən il keçirilən dünya çempionatından sonra Natalya Məmmədova da milli karyerasını bitirdiyini rəsmən elan etmişdi.

Azərbaycana Matiasovska kimi gəlib, ardınca Ağayeva, sonra Kulan soyadını daşıyan slovakiyalı əsas komandamızla 2 dəfə dünya, 7 dəfə Avropa çempionatı, 1 dəfə Avropa Oyunlarında və 3 dəfə Avropa Liqasında çıxış edib.

Qeyd edək ki, Y.Kulan Yaponiyanın "Toray” klubunda keçirdiyi 2018/19 mövsümünün gedişində bir oyunda 60 xal toplayaraq dünya voleybolu tarixində ən yüksək göstəriciyə imza atıb. O, kişi voleybolçuların rekordçusu, bir matçda 59 xal toplayan Leonardo Levanı da arxada qoyub. Y.Kulana qədər qadınların rekordu yığmamızın digər milliləşmiş legioneri Polina Rəhimovaya məxsus olub – 58 xal.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR