Sənət 15:57 14.12.2018

Dünya şöhrətli müğənnimiz

(14 dekabr Rəşid Behbudovun duğum günüdür)

Hələ orta məktəb illərində  Rəşid Behbudovun oxuduğu  mahnılar məni valeh edirdi. Radioda, televiziyada onun səsini eşidəndə mənə xoş təsir bağışlayırdı. Bir əhvalatın şahidi olmasaydım onun ölkə xaricində də sevildiyini o qədər  bilmirdim.  Həmin əhvalatı doğum günündə  danışıb oxucuları  tanış etməyi özümə borc bildim. 

Bu əhvalat 1961-ci ilin avqust ayında olmuşdu.  Sovetlər dövründə  orta məktəbdə yaxşı oxuyn şagirdləri yay tətili günlərində  ölkənin müxtəlif şəhərlərinə ekskursiyaya aparırdılar. Belə bir xoşbəxtlik mənə də nəsib olmuşdu.  Respublikamızdan  rayonumuza iki yer verilmişdi. Bakıya gəldik. İki gün ərzində  şəhərlərdən, rayonlardan 60 nəfərə yaxın şagird toplandı.  Bizi  tarixi şəhər olan Leninqrada apardılar. "Qış Sarayı” ilə üzbəüz olan  binadakı internat məktəbində yerləşdik.  Orada qaldığımız bir ay ərzində darıxmaq nə olduğunu bilmədik.  Bizi hər gün şəhəri  gəzdirir, tarixi yerlərə, muzeylərə aparırdılar. 

Bir bazar günü gəmi ilə gəzintiyə  getdik. Neva çayının sahilində lövbər salmış gəmi tezliklə doldu. Bizdən başqa müxtəlif respublikalardan olan şagirdlər, yerli adamlar, habelə  xarici turistər də çox idi.  Yerlər tam dolmuşdu. 

Gəmi təzəcə tərpənmişdi ki,  hər bazar günü Moskvadan radio  ilə verilən "Dobrum utrom”  verilişi başladı. Aparıcılar danışır, yumor deyirdilər. Sərnişinlərdən bəziləri  radioya qulaq assa da çoxu söhbətdə idi. Birdən aparıcının səsi eşidildi: "Bugünkü qonağımız SSRİ xalq artisti Rəşid Behbudovdur.”  Sərnişinlərdən alqışlar qopdu. Birdən  ani olaraq radiodan səs eşidilmədi. Hamı ayağa qalxmaqla etirazını bildirdi. Yenidən efirdə səs eşidildi. Baş verən texnili nasazlığa görə diktor tamaşaçılardan üzr istədi.

Söz sevimli müğənnimizə verildi.  Onun oxuduğu ilk mahnı Azərbaycana həsr olunmuşdu.  Veriliş başa çatana kimi gəmidəkilərdən səs çıxmadı. Hamı diqqətini radioya dikmişdi.  Verilişin sonuna kimi müğənnimiz bir neçə mahnı oxudu. Onun hər mahnısı alqışlarla qarşılandı.  Bu hadisədən sonra ona qarşı olan marağım, sevgim, hörmətim qat-qat artdı. 

Dünya şöhrətli müğənni  Rəşid Behbudov aramızda olmasa da onu sevənlərin qəlbindədir. O, məlahətli səsi, xoş avazı ilə Azərbaycanımızı dünyaya tanıtmışdi. Ölkəmizin belə  oğulları ilə fəxr edir, qürur duyuruq. 
  
Sərməst Seyidəliyev