Dünya silah istehsalında böyük artım: Türkiyə də ilk 100-lükdə (STATİSTİKA)

Dünya silah istehsalında böyük artım: Türkiyə də ilk 100-lükdə (STATİSTİKA)

Dünya miqyasında silah ticarətinin həcmi ötən illə müqayisədə 4,6 faiz artıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SBSAİ) hazırladığı hesabatda bildirilir. 
Hesabata görə, 2017-ci ildə dünyanın ən böyük 100 silah şirkəti arasına daxil olan Türkiyənin Aselsan və Türk Aviasiya və Kosmos Sənayesi şirkətləri siyahıdakı yerlərini qorumaqla yanaşı, silah satışını da 22 faiz artırmağa nail olublar. Bu iki şirkətin ötən il gerçəkləşdirdikləri satışların həcmi builki artımla birgə 2,8 milyard dollara çatıb.

Hesabatda deyilir: 
"Böyük bir regional güc dövləti olmağı qarşısına məqsəd qoyan Türkiyə son illərdə hərbi xərclərini artırır və geniş milli hərb sənayesi mərkəzi yaradır. İlk 100-lükdə yer alan iki şirkət Türkiyənin bu hədəflərindən faydalanıb. Hərbi elektronika məhsulları istehsalı ilə məşğul olan ASELSAN (54-cü sırada) 2018-ci ildə satışını 41 faiz artıraraq, 1,7 milyard dollara çatdırıb. Türk Aviasiya və Kosmos Sənayesi şirkəti (84-cü sırada) isə 0,5 faiz artımla 1,1 milyard dollarlıq satış gerçəkləşdirib".

Hesabata görə, ümumilikdə isə sektordakı 100 ən iri şirkətin 2018-ci ildə gerçəkləşdirdiyi ticarətin həcmi 420 milyard dollar olub. Beləliklə, sözügedən şirkətlər ötən illə müqayisədə satışlarını 4,6 faiz nisbətində artırıblar. Bu 2002-ci ildəki ilk hesabatın nəticələri ilə müqayisədə 47 faiz çoxdur. 

2002-ci ildən bəri ilk dəfə 100 şirkətin ilk beşliyində ABŞ şirkətləri qərarlaşıb. Bunlar "Lockheed Martin", "Boeing", "Northrop Grumman", "Raytheon" və "General Dynamics"dir. Bu 5 şirkətin 148 milyard dollarlıq satış payı ümumi satışın 35 faizini təşkil edir. Siyahıda ümumilikdə 43 ABŞ şirkəti var. Onların ümumi satış həcmi 246 milyard dollar olub. Bu da ötən illə müqayisədə 2 faiz çoxdur. Beləliklə, ABŞ müdafiə sənayesi bazarının 59 faizini nəzarətdə saxlayır. 

Sözügedən artıma ABŞ prezidenti Donald Trampın aktiv satış təşəbbüslərinin təsir göstərdiyi deyilir. Təkcə "Amerikan Lockheed Martin" illik satış həcmini 5,2 faiz artıraraq ümumi bazarın 11 faizinə nəzarət edir. Şirkətin gəlirlərinin artmasında F-35 qırıcılarının satışının böyük təsiri var.

Siyahının ABŞ şirkətlərindən sonrakı ardıcıllığını isə Rusiya silah sənayesi tutur. Əgər 2017-ci ildə Rusiya ümumi satışın 9,7 faizini gerçəkləşdirmişdisə, 2018-ci ildə bu rəqəm 1,1 bənd enmə ilə 8,6 faizə düşüb. Buna baxmayaraq, ölkənin ilk 10-luqda yer alan "Almaz-Antey" şirkəti satış həcmini 18 faiz artırıb. Bu artımın sadəcə daxili tələbatla deyil, S-400-lərin satışı ilə də əlaqədar olduğu deyilir.

Avropa ölkələri arasında isə lider İngiltərədir. İngiltərə 2018-ci ildə 35,1 milyard dollarlıq silah satıb. Bu əvvəlki illə müqayisədə 4,8 faiz az olsa da, yenə də Avropa ölkələri arasında liderliyini qorumasına mane olmayıb. Ölkənin "BAE Systems" şirkətinin gəlirləri 4,2 faiz azalıb. Lakin 21,2 milyard dollarlıq satış gerçəkləşdirməklə ABŞ şirkətlərindən sonra dünyanın ən çox silah satan şirkəti ünvanını qoruyub.

İlk 100-lükdə yer alan 6 Fransa şirkəti 2018-ci ildə 23,2 milyard dollarlıq satış gerçəkləşdirib, Almaniya şirkətlərinin gəlirləri isə 3,8 faiz azalıb.

Çingiz Səfərli
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR