Dünya 15:49 05.12.2017

Dünyada 100 nəfərdə rastlanan xəstəlik: Yaşayan ölü sindromu

Sabiq əsgər Varren Makkinley keçmişdə əziyyət çəkdiyi və dünyada sadəcə 100 nəfərdə rastlanan "Cotard" sindromundan danışıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı İngiltərə vətəndaşı Makkinley "Öldüyümə inanırdım. Terapevtlər mənimlə danışmağa çalışırdı, mən ölən biri üçün sağalmağın mənası olmadığını deyirdim. Ehtiyacım olmadığını fikirləşdiyim üçün yeməkdən imtina etdim" cümlələri ilə keçmiş xəstəliyini təsvir edib. 

1880-ci ildə fransız nevroloq Jul Cotard tərəfindən təsvir edilən və "Cotard" sindromu adını almış xəstəliyə tutulanlar ölü olduqlarını, orqanlarının yox olduğunu və ya çürüdüyünə inanırlar. Xəstəliyə Çin, Hindistan, ABŞ, Meksika, Danimarka, İsveç, Portuqaliyada rast gəlinib.

Meksikada 55 yaşlı restoran meneceri ailəsinə cinsiyyət orqanının kiçilib yox olduğunu deyəndən sonra xəstəxanaya aparılıb. O, gözlərinin həkimlər tərəfindən çıxarıldığını iddia edərək ürək və sol əlinin də ölü olduğunu söyləyib.

Portuqaliyada isə 66 yaşlı bir qadın həyat yoldaşı öləndən sonra yemək borusu və mədəsinin bir-birinə yapışdığını iddia edərək yeməkdən imtina edib. O, 19 kq arıqlayandan sonra xəstəxanaya aparılıb. 

Kəşmirdə 28 yaşlı evdar qadın qaraciyərinin çürüdüyünü, ürək və mədəsinin artıq yerində olmadığını, bədənini hiss etmədiyini dediyi üçün xəstəxanaya aparılıb.

Oxşar vəziyyətə İngiltərədə də rast gəlinib. 59 yaşlı qadın bədəninin çürüdüyünü və ayaqlarının qopduğunu iddia edib. 

Xəstəliyin səbəblərindən biri beyində yaranmış zədə hesab edilir. Varren Makkinley motosiklet sürərkən 100 km sürətlə ağaca çırpılmışdı. Onun omba və bel sümüyü qırılmış, beyni zədələnmişdi. Yaddaş itkisi ilə üzləşən sabiq əsgər heç nə xatırlamadığı üçün öldüyünə inanıb. Hərbi hospitalda müalicə alan Varren bildirir ki, müharibədə ciddi zədə alan, lakin yaşamağa davam edən insanlar onun ölümdən sonrakı həyata inanmağıma səbəb olub. Makkinley hazırda müalicəsini tamamlayıb və vəziyyəti normaldır.

 
 
 

Hon Konqdakı Çin Universitetinin professoru Helen Çiu xəstəliyə səbəb digər amillərin depressiya və şizofreniya olduğunu deyir. 

Bioloji faktorlardan əlavə psixoloji və sosioloji faktorlar da "Cotard" sindromuna səbəb ola bilər. Bu proses həftələrlə, hətta illərlə davam edə bilər. Daha çox yaşlı insanlarda müşahidə olunan bu xəstəliyə gənc və uşaqlarda da rast gəlinir.

Meksikada Milli Nevroloji və Nevrocərrahiyyə İnstitutunda çalışan Ramirez Bermudezin rəhbərlik etdiyi və 2010-cu ildə aparılmış araşdırmada sindromun yaranmasına iki əsas faktorun səbəb olduğu bildirilir. Xəstələr ciddi qəza ilə yanaşı, qeyri-adi təcrübə ilə ciddi boşluq hissinə düşə, nəyə inanacağını müəyyənləşdirməkdə çətinlik yaşaya bilər. Bundan əlavə, beyində baş verən fiziki dəyişikliklər, beynin kiçilməsi, genişlənməsi düşüncə və məntiqi dərketmə prosesinə mənfi təsir edə və "Cotard" sindromuna səbəb ola bilər.

Gülşən