Texnologiya 11:27 03.06.2018

Dünyada ilk: robot xəbər aparıcısı olacaq

Çinin cənubunda yerləşən Quanqşi Cuanq muxtar vilayətində yayımlanan televiziya kanallarından birində süni intellekt sahibi robotlardan biri aparıcı kimi efirə çıxacaq.
 
Qaynarinfo xəbər verir ki, bölgənin paytaxtı Nanninqdə yayımlanan "Nanning TV” 29 kq ağırlığında, 1.21 sm boyda robotun ilk dəfə 6 iyunda xəbərlər proqramında aparıcılıq edəcəyini açıqlayıb.

"Çao Nıng Şiaobay” (Kiçik super zəka) adı verilən süni intellektli aparıcının yeni media platformasında veriliş aparacağı bildirilib. Danışa və rəqs edə bilən robotun 4 saat enerji ehtiyyatı yığmaqla 12 saat işləyə biləcəyi deyilir. 

Çinin Dövlət Şurası tərəfindən verilən bəyanatda süni intellektin yüksəliş yolunda yeni güc qaynağı ola biləcəyi söylənmişdi. Bəyanatda o da qeyd edilmişdi ki, Çin süni intellekt sahəsində 2020-ci ilə qədər önəmli innovasiya mərkəzi, 2030-cu ilə qədər isə dünya lideri olmağı planlaşdırır.