Və yaxud
Bu dünyanı Şeirləşdirən İmza

Aydın Canıyev

Qurani-kərimdə ən xoşuma gələn fikir-cümlə-sual "fəbiəyyi əlai rəbbikuma tükəzziban?"dır - qısacası yəni: ey insanlar və cinlər, Allahın bu yaratdıqlarının nəyinə şükür etməzsən? Əslində mən şükür etməkdən daha çox, TƏŞƏKKÜRLÜ (elə şükür sözünün üstündə düzəlib minnətdarlıq ifadə edir, mütilik yox, tərəf-müqabillik anlamında) olmağı tərcih edirəm.

Və bu təşəkkürlü olmağı bir çox digər amillərlə birgə, Ramiz Qusarçaylının varlığına - şeirlərinə görə edirəm!

ZƏRURİ HAŞİYƏ: Bir gün biri "xoşbəxtlik nədir" sualına ibn Sinadan cavab istəyir və ibn Sina ona zeytun yağı ilə dolu bir xörək qaşığı verir və deyir ki, indi gir bu qırx otağın hər birinə, bax gözəlliklərə, yadında saxla, qayıdıb gələndə cavab verərsən, unutma ki, yağ qaşıqda qalmalıdı. Bəli, əzizim otaqları bir-bir gəzir, heyran olur, gəlir ibn Sinanın yanına, suallara cavab verir gördükləri barədə, qaşığa baxanda görür yağı dağıdıb. İkinci dəfə cəhd edir, bu dəfə gözü-diqqəti qaşıqda olur, qayıdır, suallara cavab verə... bilmir və qaşıqdakı yağı tam gətirdiyini görən ibn Sina izahat verir:

- Bax, xoşbəxtlik həm o bir qaşıq yağı qorumaqdı, çünki o sənindi, həm də o qırx otaqdakı gözəlliyi görməkdi, duymaqdı, anlamaqdı, ləzzət almaqdı eyni zamanda!

Ramiz Qusarçaylı yaradıcılığı Söz Şahının qırx otaqlı Sarayını nurlandıracaq, dəyərləndirəcək qədər gözəldi, ləzzətlidi!

Oxucu üçün Ramiz Qusarçaylı ləzzətdi, daddı, ağıdı, mərsiyədi, minacatdı, təcnisdi, qəsidədi, gəraylıdı, qoşmadı, mərifətdi, əxlaqdı, eşqdi!

Oxucu üçün Ramiz Qusarçaylı qalaktikadı, floradı, faunadı, dənizdi, okeandı, havadı-atmosferdi, fəsildi, torpaqdı, torpağın altıdı, elmdi, rəssamlıqdı, musiqidi!

Oxucu üçün Ramiz Qusarçaylı sözdü, obrazdı, adamlardı - həkim, jurnalist, yazıçı, şair, bioloq, aqronom, fizik, kimyaçı, döyüşçü, əsgər, general, diktator, demokrat... 

Oxucu üçün Ramiz Qusarçaylı güllədi, topdu, tankdı, qırıcı təyyarədi...

Oxucu üçün Ramiz Qusarçaylı ədəbiyyatın Söz hallarının Nəzəriyyəsidi - bənzətmədi, təşbehdi, epitetdi, oksimorondu, metaforadı, ilkindən sonuna qədər!

...Əlimdəki son kitabı - "Gedəsən dünyanın axırınacan" - bir ildən bir həftə çoxdu ki, yol yoldaşımdı... və deyim ki, Ramiz Qusarçaylı bunu özünə arzu kimi desə də, mən artıq dünyanın axırına gəlib çatdım!

Kitabdakı ilk şeiriylə - "Mən kənddən çıxanda gecə yarıydı" - başladım dünyanın axırınacan getməyi.

Hamı elə Ramiz Qusarçylı kimi kəndi tərk edir, kənddən çıxır ki, dünyanın axırına çıxsın:

"Qəlbimdə sübhədək oyaq qalan qız
Hələ yuxusundan oyanmamışdı", -

deyərək. Amma və həm də Ramiz hamıdan fərqli çıxır: poetikləşdirərək!

Ramiz Qusarçaylı həm o kəndini, həm o kənddə gördüklərini və sonradan üz-üzə gəldiyi nə və kim varsa, hamısını, hər şeyi SÖZ edib - söz-söz, misra-misra, beyt-beyt, bənd-bənd, şeir-şeir, poema-poema. Vətən yaradıb DÜNYA BOYDA.

Cığırını, yolunu, gölünü, dənizini, kəsəyini-daşını, dağını, dərəsini, qayasını, gecəsini, gündüzünü... hərtərəfli, eninə-uzununa söz ölçüb, sözlə ölçüb!

Diapazonu böyükdü Ramiz Qusarçaylının - adam var sevgi şeirlərində bitir, adam var həcvlə kifayətlənir söyüş yiyəsi olaraq, adam var vəsfdən o yana keçmir özünü də,sözünü də yala taq edir, adam var giley-güzarıyla sözü də öz gününə qoyub bihörmət, aciz edir, adam var itə-qurda şeir yazır, vətən də, xalq da, torpaq da, adamlar da yadına düşmür!

Ramiz Qusarçaylı hər yerin, hər şeyin sözünü şax deyir, gözəl deyir!

Sözə bax e:

"Bu çiçək axşamı, bu gül axşamı"

"Yaşıl göz yaşları"nın vəsfinə bax e:

Bu sükut nə yaman durub qəsdimə,
Nə mən "zirehliyəm", nə "yağı" yalın.
Yollar uşaq kimi qaçır üstümə,
Qaçır əli yalın, ayağı yalın!

Bir kəndin - "Çartəpə lövhələri" - yaşantılarına bax e:

... Ərköyün kəpənək işlək arıyla
İkisi bir gülün nazını çəkir.

... Bir arı oyanıb qış yuxusundan
Bir gülün canına üşütmə düşüb.

... Gözümdən çəkilmir şehli gözləri,
Güllər ağlayanda gözəl görünür!

Sən allah, incəliyə, duyumsallığa, "dərdə" bax e:

Hər gül üstü bir arının iş yeri,
Ləçəyində dodaq yeri, diş yeri...

***

Göy Günəş dilində, Yer su dilində,
Öpür hər çiçəyi duyğu dilində...

***

Su zanbağı, su qamışı, su otu,
Su üstündə süitadı sükutu...

***

Qar üstdə çiçək var, çiçək üstdə qar,
Qışın ağuşunda qımışır bahar...

***

Tapdanıb sinəsi ağaran cığır
Sənin tapdanmağın üzağlığındı!

***

Kim deyir xəzəl ölüdü,
Xəzəl payızın gülüdü...

...Həəə, əzizim, zövq almadınmı, çıxmadınmı dünyanın axırına, harası qaldı dünyanın... Ki, vəsf olunmamış, anlatılmamış, musiqisi səsləndirilməmiş və rəsmi çəkilməmiş, dərdi deyilməmiş olsun?
 


...Həəə, mənim sevimli, qürurlu, mübariz oxucum, bilirsənmi Ramiz Qusarçaylı niyə belə dikdi, şaxdı?

Qoymuram üstünə kölgə düşməyə -
Kölgədə bitənlər tez ələ gəlir...

Ramiz Qusarçaylı nə özünün, nə sözünün, nə də... gülün-çiçəyin, pöhrənin, yolun-rizin, dostun-tanışın üstünə kölgə düşməyə qoymayan, buna razı olmayan, bununqarşısını almağa çalışan İNSANdı!

"İnsan ələ gəlməz, İnsan kölgələnməz, İnsan kölgəyə çəkilməz" dedirdən, düşündürən İnsandı!

Oxucu qardaşım, neçə yaşın var, nə qədər kitab oxumusan, neçə şair-yazıçıyla badə-badəyə vurmusan, nə qədərini oxuduqlarından dost-tanışın, millətin gözünə soxmusan, başına qaxınc etmisən, amma qardaş kimi düzünü de, kimdə oxumusan YAĞIŞIN ÖLDÜRÜLMƏYİNİ? Hamı sənə anladıb ki, yağış göyərdir! Amma gör yağışın nə qədər "qatili" var e:

... Göy süpürür  tozanaq
Toz yağışı öldürür.

... Gözündən leysan gəlir
Qız yağışı öldürür.

... Yaşıl səsdən keçir göy
Yaz yağışı öldürür.

... Gül açır qar adamlar
Buz yağışı öldürür.

... Söz ən böyük sunami
Söz yağışı öldürür.

*** 

Fərqindəsənmi, ey böyük insan, "tənhalığın büstü" necə möhtəşəm görünür?

***

Atam, qardaşım, dostum, əzizim, Sən heç düşündünmü:

Qeyrət başı bağlı, dərd başı açıq,
Səhər ürək götür, dərd başına çıx...
Ağaclar Şuşada qurğuşun açır,
Bu yaz çiçəkləmə, ərik ağacım, - deyən Ramiz Qusarçaylı bilmir ki:

Harda özümə toy tutum, -
Harda özümü basdırım?
 
Üstəlik də heç onu da bilmir ki:
Ürək dönüb şum yerinə -
Boy tuta bilmirəm, neynim.

... Hərə bir cür zurnaçıdı -
Züy tuta bilmirəm, neynim.

... Mənə elçi gələn dərdə -
Toy tuta bilmirəm, neynim.
 
Guya siz bilirsiniz ki?
Dünyanın axırı elə bu bilmədiklərimizdi!
Həm də və eyni zamanda bu bilməməzlik daha bir sual doğurur:

Ürək dindi, ağla, söz dindi, ağla,
Ağla hər misranı, hər bəndi ağla
Təbrizi, Şuşanı, Dərbəndi ağla,
Mənim ölmüşümə rəhmət düşürmü?
 
Əlbəttə ki, Ramiz Qusarçaylı "Qapıya bağlanan adam"ların şairi deyil.

Qapıya bağlanan adam,
Sümüyün, yalın necədi?!
Qapının ağzı pis deyil,
Qapının dalı necədi?!

... O qapıdan bu qapıya
Hürə-hürə "ucalmısan..."

... Hürə-hürə qarşıladın,
Hürə-hürə qal, gedirəm!
 
Ramiz Qusarçaylı "Allahın toy tutduğu xalqın kədərdən xonça tutub, sevincdən ehsan yeyən" şair oğludu!
 
Fəqət məcburdu desin:

Meyxana təbilləri,
Züyxana zibilləri
Toyxana "debil"ləri,
Mənimlə oynamayın!
 
Faciə odu ki, bu cür diapazonlu, nəhəng şairi müasirləri, yaxınları, yaşıdları, yerliləri elə incidir, elə incidir...

Bu gecə ürəyim elə ağrıdı,
Heç kəsin ürəyi ağrımaz elə.
Bu gecə özümə elə ağladım,
Ölsəm, heç anam da ağlamaz elə...
 
Heçmi vicdanınız yoxdu?
Heçmi utanmırsınız?
Heçmi...
Heçmi...
Axı sizin üçün yazan şairin elə anları var ki:

Bu həzin gecənin, bu lal gecənin
Sükutu bir misra şeir vermədi!
Hər sözü qəm dolu sual gecənin
Sükutu bir misra şeir vermədi!
 
Axı siz niyə bilmək, anlamaq istəmirsiniz ki, Ramiz Qusarçaylı:
 
Torpağa batıram dizimə qədər,
Şeir göyərdirəm kökümün üstə... 
 
və bilə-bilə ki:
 
Bir gün öz üstümə qoyulasıyam,
Düşünən, danışan başdaşıyam mən!
 
Axı Ramiz Qusarçaylının ömrünün belə bir dönəmi də olub:

Torpağın altına düşürəm səhər,
Torpağın üstünə çıxıram axşam!

... Torpaq daşıyıram kipriklərimdə
Bir gün gözlərim də çiçəkləyəcək!

... Torpağın üstündə itən günləri
Torpağın altında axtarıram mən!

... O qədər yatmışam torpağın üstdə,
Torpağın altında yatan deyiləm!

... Soyudum üst qatından, - Ağacından, otundan,
Ayağımın altından, Qaçdı torpağın altı.

... Torpağın üstdən keçirlər,
Mən altından keçib gəldim.

... Ölsəm, gözlərimə torpaq tökməyin,
Yeyib qurtarmışam torpaq payımı.  

... və əzizlərim, bu gün orta məktəblərimizdə uşaqlarımıza öyrədilən "Azərbaycan bayrağı" şeirinin müəllifindən danışdığımı yadınıza salıram!

... və sizlər haçansa bu kitabı oxumağa başlasanız, təbii ki, filologiya üzrə elmlər doktoru, professor Ramiz Əskərin yazdığı "ön söz"ü oxuyanda bir daha əmin olacaqsınız ki, mən niyə ədəbi tənqidin məlum prinsiplərinə əməl etməmişəm. Bədii ifadə və bədii təsvir vasitələrinin təhlilini, idiomatik və frazeoloji birləşmələrin işlənmə ustalığını, nə bilim xəlqiliyi, orijinallığı, poetika və pateikliyi, orijinal ifadələri və deyim tərzini, mövzuya fərqli baxışı öyür-çöyür edib... nəzərə çatdırmamışam.

Bilirsiniz, əzizlərim, Ramiz Qusarçaylı o mərhələni çoxdan, lap çoxdan, 17 yaşında Osman Sarıvəlli ondan yazıb təqdim edəndə aşmışdı!

Ramiz Qusarçaylı indi o imzadı ki, yazdığı hər şeir sadəcə oxunmalıdı! Anlamalıdı hər kəs bu şeirlərdəki ilahi eşqi, vətən məhəbbətini, bəşəri humanizmi!

Ədəbi tənqidi bununla yükləmək lazım deyil ki, açsın bu şeirləri!

Təhsil Nazirliyinin borcuna çevrilməlidi Azərbaycan dili üzrə testləri tərtib edərkən müvafiq suallarda Ramiz Qusarçaylının şeirlərindən nümunələr verməklə!

Universitetlərin filoloji fakültələrinin mühazirə müəllimlərinin vicdanı diqtə etməlidi auditoriyada bu şeirləri səsləndirməyi.

Ən azından ona görə ki, yoxdu bizim Azərbaycanımızın tarixinin, coğrafiyasının, müstəqillik tarixinin, döyüş salnaməsinin, dövlət atributlarının, flora və faunasının və s. və sairəsinin elə bir komponenti, vahidi, nümayəndəsi, mərhələsi ki, Ramiz Qusarçaylı bədii ifadəsini mükəmməl şəkildə obrazlaşdırmasın!

Hətta dünya çapında olan şeirləri belə adamın özünü də, başındakı tükü də dik qaldırır! O ayrı söhbətdi ki, Ramiz Qusarçaylının şeirlərindəki insanlıq hissi, bəşərilik, vicdan və ləyaqət performansı riqqətə gətirir!

Yəmən də, İraq da, Suriya da sanki bizim vətənimizdir!

Tam səmimiliklə və əminliklə deyirəm:

- Axtarın tapın bu kitabı. Oxuyun Ramiz Əskərin "ön söz"ünü və davam edin şeirləri oxumağa. Onda görəcəksiniz ki, siz bu dünyanın axırına gedib çıxdınız. Siz bu dünyanın həm də axırına çıxacaqsınız! Siz bu dünyaya əlinizin arxasını yelləyəcəksiniz və bu dünyanın axırını sizə tanıtmış Ramiz Qusarçaylıyla üz-üzə qalanda necə də xoşbəxt olacağınızdan məmnun olacaqsınız!
Çünki siz onun - bu dünyada sınmayan, əyilməyən dik duruşuna özünüzdən asılı olmayaraq, "Azərbaycan bayrağı" şeirini oxumaqla minnətdarlıq edəcəksiniz!
 
Məğlubiyyət
 
(poemadan ixtisarla)
 
Tanrı səni nurdan var eyləmişdi,
Cənnətin gözündə yer eyləmişdi,
Çopur daşını da pir eyləmişdi,
Mən səni qoruya bilmədim, Vətən...
 
Səni Sibir-Sibir səpələdilər,
Səni qəbir-qəbir qəlpələdilər,
Səni çadır-çadır təpələdilər,
Mən səni qoruya bilmədim, Vətən...
 
Səni üyütdülər sərvət yerindən,
Səni uyutdular şəhvət yerindən,
Cəhənnəm göyərdi cənnət yerindən
Mən səni qoruya bilmədim, Vətən...
 
Toy tutdu erməni, urus, fars sənə,
Olmadı bu boyda oyun dərs sənə,
Gülür Çanaqqala, gülür Qars sənə,
Mən səni qoruya bilmədim, Vətən...
 
Kəlbəcər şah idi, Laçın xan,-hanı?..
Xankəndi xaniman, Şuşa can,-hanı?..
O boyda Qarabağ,- o dastan hanı?-
Mən səni qoruya bilmədim, Vətən...
 
Ağbulaq gözündə qanlı suyam mən, 
Muğanlı elində ağlar toyam mən,
Urud dastanında qara boyam mən,
Mən səni qoruya bilmədim, Vətən...
 
Orda saman rəngli barılar qalıb,
Orda qız qarıyan qarılar qalıb,
Orda bağrı şan-şan arılar qalıb...
Mən səni qoruya bilmədim, Vətən...
 
Başından qan-qada əskik olmadı,
İrandan,Turandan dəstək olmadı,
Bir az özündə də istək olmadı...
Mən səni qoruya bilmədim, Vətən...
 
Sənsən hər pıçıltım, hər bəndim mənim,
Sənsən Araz sözüm, Kür bəndim mənim,
Üşüyür Təbrizim, Dərbəndim mənim
Mən səni qoruya bilmədim, Vətən...
 
Tutan ahdan tutub, amandan tutub,
Yıxdılar evini "imandan” tutub,
Yellənə qalmışam gümandan tutub
Mən səni qoruya bilmədim, Vətən...
 
Yaxın da özünsən, iraq da indi,
"Duşman” da özünsən, "vraq” da indi,
Qalmısan özündən qıraqda indi... 
Mən səni qoruya bilmədim, Vətən...
 
Səsə oyanmadın, küyə durmadın,
Aşağı, yuxarı … niyə durmadın?!.
Mən sənə,- sən mənə yiyə durmadın...
Mən səni qoruya bilmədim, Vətən.
 
 
SON SÖZ ƏVƏZİ: 

Həə, iniciməyin, dünyanın axırında bundan başqa səsləndirməyə şeiriniz olmayacaq! Elə isə bu şeiri yazanı əməlli tanıyın!

Ramiz Qusarçaylı (Həmzəyev) 1958-ci ilin dekabr ayının 25-də Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur. 8 illik təhsilini Çartəpə kəndində, orta təhsilini isə Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbdə (1974-1976) almışdır. 1977-1979-cu illərdə ordu sıralarında xidmət etmişdir. Xidmət zamanı Piyada Döyüş Maşınında (BMP) atıcı-operator olmuş, təlimlərdə göstərdiyi şücaətlər barədə Moskvanın "Krasnaya Zvezda”, Zaqafqaziya Hərbi Dairəsinin "Leninskaya Znamya” qəzetlərində oçerk və məqalələr dərc edilmişdir.
 


Yaradıcılığı

Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Bakı Politexnik Universiteti) mexanika, Moskva Dövlət Sosial Universitetinin hüquqşünaslıq fakultələrində təhsil almış, Bakı Baş Tikinti İdarəsində, "Elm və Həyat” jurnalı redaksiyasında, "Zaman” beynəlxalq qəzetində, Tula və Donetsk vilayətlərində müxtəlif vəzifələrdə çalışmışdır.

Erkən uşaqlıq illərindən yaradıcılığa başlamış, "Bağban” adlı ilk mətbu şeiri 1975-ci ildə "Azərbaycan gəncləri” qəzetində dərc edilmişdir. 17 yaşında ikən xalq şairi Osman Sarıvəlli ona "Qusarçaylı” təxəllüsünü vermiş, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edərək uğurlu yol diləmişdir. 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən "Ay işığı” adlı ədəbi məclis yaratmış, 1994-cü ildə həmin məclisin bazasında AYB–nin Quba bölməsi təsis edilmişdir. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 2002-ci ildən 2015-ci ilədək isə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri olub.

 Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Söhrab Tahir, Musa Yaqub, Famıl Mehdi, Məmməd Aslan, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Vaqif Arzumanlı, Şahin Fazil, Vaqif Yusifli, Nazif Qəhrəmanlı, Həmid Abbas, İlham Abbasov, Əjdər Ol, Əli Rza Xələfli, Firuzə Məmmədli, Zakir Məmməd, Aynur Cəfərqızı və başqaları onun yaradıcılığına həsr edilmiş məqalələrlə respublika mətbuatında çıxış etmişlər. "Çörəyim daşdan çıxır”, "Ömür qapıları”, "Bir çiçək axşamı”, "Nə ğözəldi yolun, Allah”, ”Almalı kitab”, "Eşşəknamə” və "Gedəsən dünyanın axırınacan” adlı şeirlər, "Göyəm ağacı” adlı tərcümə kitablarının, "Quba” adlı foto-albomun, "Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir. 

Professor Vaqif Arzumanlı Ramiz Qusarçaylının həyat və yaradıcılığına həsr etdiyi "Təbiət, qeyrət, həqiqət şairi” adlı, şair-tənqidçi Zakir Məmməd "Haqqın cəlalı Qusarçaylı şeirində” adlı, Gülarə Aydın isə "Məni yaman tutub şeir havası” adlı kitablarını dərc etdirmişlər. Şeirləri ingilis, rus, ukrayna, fars və Dağıstan xalqlarının dillərinə tərcümə edilmiş, Donetsk şəhərində "Buz örtüyü” adlı topluda dərc olunmuşdur. Kitabları Rusiya, Ukrayna, Iran və Türkiyədə nəşr olunmuşdur. Macar, italyan, ingilis, rus, ukrayna dillərindən tərcümə etdiyi şeirləri "Göyəm ağacı” adlı kitabda dərc olunmuşdur. 

"Ay işığı” ədəbi məclisinin rəhbəri kimi Dərbəndin ədəbi qüvvələri ilə sıx əlaqələr yaratmış, bu da milli tərkibi müxtəlif olan bir bölgədə dostluğa, qardaşlığa və sivil mədəniyyətimizin işıqlı sabahına xidmət edən ədəbi mühitin yaranmasına gətirib çıxarmışdır. 2009-cu ildə Prezident təqaüdünə layiq görülmüşdür.