"Xapo" şirkətinin yaradıcısı argentinalı investor Vençes Kasares İsveçrə dağlarında yerləşən köhnə hərbi sığınacağı kripto pul bankına çevirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Bitcoin"in geniş yayılmasında əhəmiyyətli rol oynamış Kesares sığınacaqda müştərilərinin milyonlarla dollar dəyərindəki virtual pullarını mühafizə edir. Bankın dəqiq yeri və içində saxlanılan miqdar ictimaiyyətə açıqlanmır. Sığınacaqda fiziki mövcudiyyəti olan "Bitcoin"lər yoxdur, sadəcə kripto pulları qoruyan xüsusi və şifrələnmiş serverlər var.

Kiber hücumlar nəticəsində çox güclü mühafizə edilən "Bitcoin"lərin oğurlanması şirkəti pulları qorumaq üçün ənənəvi metodlardan istifadə etməyə məcbur edib. "Xapo" müştərilərinə xüsusi açar verir və bu açar sayəsində hesaba daxil olmaq mümkün olur. Əgər müştəri açarı itirsə, nəticələrə razı olmağı qəbul edir.

1947-ci ildə inşa edilmiş sığınacaq Soyuq Müharibə dövründə İsveçrə ordusunun gizli bazası olaraq istifadə edilib. Bu gün isə "Deltalis" şirkəti tərəfindən "Xapo" üçün idarə edilir.

930 kvadrat metrlik sığınacaq 90 kq ağırlığı olan qapılar və elektronik təhlükəsizlik sistemi ilə təchiz edilib. "Xapo"nun təhlükəsizlik məsələləri üzrə sədri Karlos Rienzi bildirir ki, mərkəz həm kiber, həm də terror hücumlarına qarşı dayanıqlıdır. Pəncərələr gülləkeçirməz, divarlar isə elektromaqnit zərbələrinə davamlıdır.

Gülşən
Qaynarinfo.Az