Ölkə 15:47 28.12.2017

Dünyanın xoşbəxti mənəm dünyada

Yazıya başlamazdan əvvəl özümə çox sual verdim, onun haqqında yazmağa yaşım, təcrübəm imkan verirmi deyə. Əlbəttə ki, yox. Amma axı çox istəyirdim. Ümumiyyətlə, sənətkarlar, dahi şəxsiyyətlər haqqında araşdırma aparmağı, yazmağı çox sevirəm. Çünki həm öyrənirəm, həm də bilməyənlərə öyrədirəm...

Hər zamankı kimi ənənəmə sadiq qalaraq sənətkarın, saysız-hesabsız mükafatların lauriatı Zeynəb Xanlarovanın bu gün də aktuallığını itirməyən mahnılarından ibarət siyahı düzəldib qulaq asa-asa başladım düşünməyə. Onunla ilk tanışlığım nə vaxt olub? 

Artıq 1985-ci ildən Azərbaycan SSRİ Ali Sovetinin deputatı olan Xanlarova, mən doğulanda, 1995-ci ildə Milli Məclisin I çağırışından millət vəkili kimi fəaliyyətə başlayıb və bu fəaliyyət bu günə qədər davam etməkdədir. 1936-ci il dekabrın 28-də dünyaya gələn sənətkar bu gün ömrünün 81-ci ilini yaşayır. Yadımdadı onun haqqında ilk dəfə anamdan eşitmişdim: 

Bayramlarda hər kəs verilən konsert buraxılışının sonunu gözləyərdi. Çünki sonda səhnəyə Zeynəb Xanlarova çıxardı. Belə gecələrdən biri idi. Efirdə reklam fasiləsi verilir. Anam evin balacası olduğundan çay süzməyə onu göndərirlər. Birdən reklam bitər, konsert başlayar, o eşidə bilməz deyə necə əli ayağına dolaşırsa, qaynar çaydanı üstünə töküb özünü yandırır. İndi bunu mənə gülərək danışsa da, o vaxt üçün ağır fəsadları olan bir yanıq olub. 

Bu hadisəni eşidəndə 11-12 yaşım olardı. O vaxtlar hələ sənəti, mədəniyyəti tam dərk etmirdim. Amma anamın uğruna yandığı səs, musiqi mənə elə maraqlı gəlmişdi ki, internetdə araşdırmağa başladım. "Youtube”da Zeynəb Xanlarova yazmaqla o qədər nəticə çıxır ki, hardan başlayıb harda qurtarasan, bilmirsən. Və beləliklə, bu əvəzolunmaz bir səs və fəaliyyətlə tanışlığım başladı. Əvəzolunmaz... 
 
 

O həqiqətən də əvəzolunmazdı. Bütün dünyada tanınan Zeynəb Xanlarova yalnız səsiylə, sənətiylə yox, ədasıyla, əsl Azərbaycan qadınına yaraşan davranışlarla, naz-qəmzəylə sözünü deyib. Düzdü, o vaxtlar SSRİ məkanında bu qəbulolunmaz bir şey idi. Çünki o dönəmdə Sovetin qəbul etdiyi konkret "səhnə mədəniyyəti” var idi. Amma Xanlarovadan sonra "qaydalar” pozuldu və hər kəs özünü ona oxşatmağa başladı. Təəssüf ki, bu gün səhnəmizdə həm səsi, həm sözü, həm "duruşu” olan qadın tapmaq müşkül məsələdi. Elə yəqin buna görədir ki, o, Azərbaycan SSRİ xalq artisti (1975), Ermənistan xalq artisti (1978), Özbəkistan xalq artisti, SSRİ xalq artisti (1980), Azərbaycan SSRİ Dövlət mükafatı laureatı (1985), Heydər Əliyev ordeni laureatı (2016) mükafatlarının sahibidir. 

Həm janr, həm mövzu baxımdan zəngin, rəngarəng olan Zeynəb Xanlarova repertuarında Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Emin Sabitoğlu, Tofiq Quliyev, Oqtay Kazımi, Ramiz Mirişli, Ələkbər Tağıyev, Şəfiqə Axundova, Rauf Məmmədov, Arif Məlikov, Tahir Əkbər və başqa nəhəng bəstəkarların mahnıları var. Ən əsası isə o, bu mahnılarla ölkə-ölkə gəzib, bu bəstəkarların əsərlərini dünyanın dörd yanında səsləndirib. Öz dili ilə desək, küləklər onun səsini və onun səsində bu bəstəkarların sənət nümunələrini dörd yana yayıb.

Məşhur sənətkar haqqında belə bir hadisə də eşitmişdim ki, bir dəfə qapı döyülür, içəri bir nəfər daxil olur. Zeynəb xanım və ailəsi onu mehribanlıqla qarşılayır. Kişi söhbətinə başlayır:

- Zeynəb xanım, gözümün ağı-qarası bir oğlum var. Anadan olanda əhd eləmişdim ki, inşallah toyu olanda siz də o toyda oxuyasınız. Sizi dəvət etməyə gəlmişəm. Bu da xələti, - deyə pul bağlamasını çıxarıb stolun üstünə qoyur.

Zeynəb xanım heç nə demir. Ayağa durub mətbəxə keçir. Çay dəmləyir. Qızıl podnosda, qızıl nəlbəkisi olan büllur stəkanda, qızıl qaşıqla, bir sözlə qızılı servisi gətirib stolun üstünə qoyur. Gələn adam bu qızıl əşyalara baxıb heç nə demir. Qızarır. Pulu götürüb cibinə qoyaraq mənzildən çıxır. 

Qızıl servisin də hansısa xarici dövlət başçısından Zeynəb Xanlarovaya verilən hədiyyə olduğu deyilirdi. Nə dərəcədə olmuş hadisədir, deyə bilmərəm. Amma bu bir faktdır ki, Zeynəb Xanlarova sənətini ancaq böyük səhnələrdə nümayiş etdirib. Ev şənliklərinə və toylara getməyib. 

Əvvəldə də qeyd etdiyim kimi, Zeynəb Xanlarova uzun müddətdir siyasi fəaliyyətlə də məşğul olur. Amma sizi bilmirəm, nədənsə Zeynəb Xanlarova deyəndə mənim gözümün qarşısında böyük səhnədə, al-əlvan geyimdə, çöhrəsində xoş təbəssümü olan və səhnəni öz hakimiyyəti altına almış bir qadın canlanır. 
 


Əslində 81 illik daim fəaliyyətdə olan bir şəxsiyyətin həyat yolu haqqında nə qədər danışsam, kifayət etməz. O, Azərbaycanda, dünyada, tarixdə, səhnəmizdə iz qoymuş canlı korifeydir. Belə insanlarla eyni dövrdə yaşamış olmaq isə bizə fəxrdir. Çünki çətin ki, bundan sonra tarix belə insanlar görə... 

Nərmin Həsənli