Ekonomiks 21:06 22.05.2015

Dövlət başçısı Azərbaycana qoyulan investisiyadan danışdı - 180 milyard dollar

"İndiki şəraitdə 11 milyard dollar xarici investisiya cəlb etmək istənilən ölkə üçün böyük uğur hesab oluna bilər"

“Son 11 il ərzində Azərbaycan iqtisadiyyatına 180 milyard dollardan artıq investisiya qoyulub. Bu, ölkədə yaradılmış sabitliyin, normal biznes mühitinin nəticəsidir”.
 
APA-nın məlumatına görə, bunu "The Business Year" jurnalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
Ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya yatırıldığını deyən dövlət başçısı bildirib ki, bunun 11 milyardı xarici sərmayədir: “Bu da bir daha göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. Çünki indiki şəraitdə 11 milyard dollar xarici investisiya cəlb etmək istənilən ölkə üçün böyük uğur hesab oluna bilər.
 
Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması sahəsində məqsədyönlü tədbirlərin davam etdirildiyini bildirən İ. Əliyev biznes mühitinin inkişaf etdirilməsi sahəsində atılan addımların nüfuzlu beynəlxalq iqtisadi və maliyyə qurumlarının diqqətini cəlb etdiyini vurğulayıb.
 
Azərbaycan prezidenti qeyd edib k, ölkəmizdə makroiqtisadi vəziyyətin sabitliyi, qeyri-neft sektorunun davamlı inkişafı, böyük maliyyə potensialının mövcudluğu, həmçinin sağlam rəqabət və investisiya mühitinin təmin edilməsi həm xarici sərmayəçilərə, həm də yerli iş adamlarına əlavə nikbinlik verir.