Siyasət 12:36 21.04.2013

“Dövlət Departamenti yanlışlıqlara yol verir” - CAVAB

“Xarici ölkələrdə də kütləvi iğtişaşları polis güc tətbiq etməklə dağıdır” 

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ABŞ dövlət Departamentinin Azərbaycanada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabata münasibət bildirib.

YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı SalamNews-a bildirib ki, bu hesabatda bir sıra subyektiv hallara yol verilib və biz buna etiraz etmirik: “Amma dünyanın ayrı-ayrı ölkələrində bu hesabatlar etirazlarla qarşılanır. Çünki hesabatlarda subyektivliyə yol verilir. Bunun da səbəbi ABŞ-da bu hesabatı hazırlayan şəxslərin ölkəyə səfər etmədən Azərbaycandakı müxalifət mətbuatına istinadən məlumatlar toplayır və bunu ümumiləşdirərək nəticə çıxarırlar. Bəzən hesabatda səfirliklərin də məlumatları əsas götürülür.”

YAP rəsmisinin fikrincə, bütövlükdə Azərbaycanda insan hüquqları Avropa ölkələri, xüsusilə Şərqi Avropa və MDB ölkələrində qorunduğu səviyədən yüksəkdədir. Azərbaycan postsovet ölkələri ilə müqayisədə öncül yerləri tutur: 

“Azərbaycanda sərbəst toplaşmaq haqqında" Qanun beynəlxalq konvensiyalara uyğun tərtib edilib və qəbul olunub. Bu qanun qəbul ediləndə Avropa Şurasının və ATƏT ekpertlərinin rəyi də nəzərə alınıb. Ona görə ölkəmizdə sərbəst toplaşmaq azadlığı bu qanunla tənzimlənir. Əgər kimsə bu qanuna əməl etmirsə, təbii ki, bunun qarşısı alınır. ABŞ, Fransa, Türkiyə, Yaponiya və dünyanın istənilən ölkəsində sərbəst toplaşma azadlığı xaos deyil, müəyyən qanun çərçivəsində sərbəst toplaşma azadlığıdır. 

Beynəlxalq konvensiyada sərbəst toplaşmaq azadlığını tənzimləyən 5-6 müddəa var. Əgər sərbəst toplaşma azadlığı ilə bağlı müraciətlər varsa, buna müvafiq yerli icra hakimiyyəti qərar verir. Həmin toplaşma zamanı qanun pozuntularının, kütləvi ixtişaşların insanların sağlamlığına, əmlakına, bütövlükdə ictimai asayişə ziyan vurarsa, bu, qanunvericilik səviyyəsində tənzimlənir. Bu, dünyanın hər yerində belədir. Xarici ölkələrdə də kütləvi iğtişaşları polis güc tətbiq etməklə dağıdır. Çünki həmin kütləvi aksiya qanunazidd keçirilir. Azərbaycanda qanuni şəkildə aksiya keçirilirsə, heç kim ona mane olmur. Əks halda, haqlı olaraq, polis qanunsuz aksiyalara müdaxilə edir. Görünür, ABŞ dövlət Departamenti hesabat hazırlayarkən bu “faktları” ümumiləşdirərkən, bu məqamları nəzərə almayıb."

Azərbaycanda mətbuat azadlığından danışan M.Qurbanlı vurğulayıb ki, ölkəmizdə bu sahədə problem yoxdur. O deyib: “Azərbaycanda KİV-lərin qeydiyyatdan keçirilməsində problem yoxdur. Ölkəmizdə istənilən vaxt mətbu orqanları dövlət qeydiyyatından keçirmək olar. Həmçinin ölkəmiz internetin sərbəst olduğu 10 ölkə içərisində qabaqcıl yeri tutur.

Azərbaycanda internetə giriş üçün məhdudiyyət qoyulmur. Sosial şəbəkələrə, digər saytlara daxil olmaq üçün də heç bir məhdudiyyət yoxdur. Departamentin bununla bağlı hazırladığı hesabatda subyektiv amil özünü göstərib. Azərbaycanda ABŞ şirkətləri və digər təşkilatlar çalışır. Onlar görürlər ki, ölkəmizdə mətbuata təzyiq yoxdur. Radikal müxalifyönümlü mətbu orqanlar hökumət nümayəndələrinə qarşı bəzən yalnış və təhqiramiz məlumatları yayımlayırlar. Amma nadir hallarda bu mətbu orqanları ilə məhkəmə çəkişməsi olur. Hesab edirəm ki, ölkəmizdə internet və mətbuat azdlığına təminat verilib.”

M.Qurbanlı dini azadlıqla bağlı söyləyib ki, ölkəmizdə dini azdlığın boğulmasından danışmaq çox gülünc doğurur. Azərbaycanda bütün dini konfessiyalar sərbəst fəaliyyət göstərirlər və ölkəmizdə heç bir dini ayrı-seçkilik yoxdur: “Azərbaycanda sinaqoq, məscid, kilsə mövcuddur. Xristian və digər dinlərin müxtəlif cərəyanları var, həmin cərəyanlar radikallığı təbliğ edir və müxtəlif formalarda dini dəyərlərə qarşı çıxır. Bu cür dini cərəyanlar Avropada, ABŞ-da qadağan edilib. Bütövlükdə bu cəryanlara qarşı dünyanın istənilən yerində mübarizə aparılır. Amma Azərbaycanda dini azadlıq tam təmin olunub. Ölkəmizin tolerant olduğunu hamı etiraf edir.”

Onun sözlərinə görə, Azərbaycanda din pərdəsi altında qarşıdurma yaratmaq cəhdləri edilirsə, bunun qarşısı alınır. Dini radikallıq təkcə İslam deyil, digər dinlərdə də var, belə dini radikal hərəkətlərin qarşısı dünyanın istənilən ölkəsində alınır: 

“Azərbaycanda dini radikallıq baş verdiyi halda qanunun tətbiqi işə düşür. Azərbaycanda "Dini azadlıq haqqında" Qanun var və bu, beynəlxalq ekspertizadan keçmiş sənəddir. Biz bu qanunu pozmuruq və buna uyğun hərəkət edirik. ABŞ Dövlət Departamenti Azərbaycanda dini təzyiqlərdən danışırsa, bu ölkənin özündə radikalizmin, fanatizmin genişlənməsinə imkan vermirlər. Hesab edirəm, bu, düz addımdır və bunun qarşısı hər yerdə alınmalıdır.”

Milli Məclis üzvünün fikrincə, əgər dövlət dini fanatizimin qarşısını almasa, bu, dini pərdə altında terrorizmə gətirib çıxara bilər. Ona görə, Dövlət Departamentinin dini azadlıqla bağlı ölkəmizə iradı məntiqli deyil: “Mən bununla razı deyiləm. Təccüb edirəm ki, Dövlət Departamentində hesabat hazırlanarkən yuxarıda sadaladığımız məsələlər tam geniş şəkilədə araşdırılmır, ona görə də, bu cür yanlışlıqlara yol verilir.”