Ekonomiks 17:14 27.02.2015

Dövriyyədə nə qədər pul var?

2014-cü ildə geniş pul kütləsi iqtisadiyyatın tələbatına və inflyasiyaya adekvat olaraq dəyişmiş, onun strukturunda yaxşılaşma prosesi davam edib

Bu barədə  Azərbaycan Mərkəzi Bankının  2014-cü il üzrə “Pul Siyasəti İcmalı”nda deyilir

İcmalda qeyd olunur ki, ötən il ərzində manatla geniş pul kütləsi (M2) 6.1% artaraq 17 milyard 436 milyon manata çatmışdır. Bank sisteminin pul yaratma qabiliyyətini ifadə edən pul multiplikatorunun dövr ərzində artıma meyilli olması (ilin əvvəlinə nəzərən 7% artım) qeyri-nağd pul kütləsinin həcminin genişlənməsinə şərait yaradıb.

Hesabat ilində manatla pul bazasında 0.9% azalma müşahidə olunub.

Ötən il geniş pul kütləsi (M3) 11.4% artaraq 01.01.2015-cı il tarixinə 21 milyard 566.4 milyon manata çatmışdır.

Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi dövrün sonuna 36.2% təşkil etmişdir. Xarici valyutada əmanət və depozitlərin M3 pul kütləsində payı isə dövrün sonuna 19.2% olub.

İcmalda qeyd olunur ki, il ərzində manatla nağdsız pul kütləsi 21.9% artmışdır: “Bu da nağdsız ödəniş infrastrukturundan istifadə səviyyəsinin artdığını göstərir”.

Qaynar.info