Dünya 10:35 24.09.2013

Döyüş təyyarəsi qəzaya uğradı


Krasnodar vilayətində "Su-25" hərbi təyyarəsinin qəzaya uğramasının səbəbləri müəyyənləşdirilənə qədər cənub hərbi dairəsində uçuşlar dayandırılıb.


Anspress-in Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, qəzaya uğrayan təyyarənin paraşütlə atılan pilotunu tapılması istiqamətində araşdırmalar davam edir.

Hərbi Hava Qüvvələri və Cənub hərbi dairəsinin Hava Hücumundan Müdafiə komandanlığına aid olan təyyarənin sentyabrın 23-də Krasnodar vilayətində tədris təlim uçuşu yerinə yetirdiyi zaman Primorsko-Axtarsk aerodromundan 49 kilometr şimal-şərqdə idarəetməni itirdiyi bildirilir.

Məlumata görə, pilot təyyarəni yaxınlıqdakı yaşayış məntəqəsindən uzaqlaşdırdıqdan sonra paraşütlə tullanıb. Baş verən hadisəni araşdırmaq üçün Rusiya Hərbi Hava Qüvvələrinin xüsusi komissiyası yaradılıb.

Qeyd edək ki, 1975-ci ildə ilk uçuşunu həyata keçirən "Su-25" qırıcı təyyarəsi Rusiya Hərbi Hava Qüvvələrinin və Rusiya Hərbi Dəniz Donanması aviasiyalarının əsas hücumçusudur və dünyanın 20 ölkəsinin ordularının silahlanmasına daxil edilib.

Qaynar.info