Ruzbeh Məmməd
Sənət 13:50 29.04.2019

Ədəbiyyatın bizə vermədikləri

Ruzbeh Məmməd

Mənə elə gəlir ki, insan doğulandan ölənə qədər yemək üçün yaşayır, yeyib-gəzmək haqqında düşünür. Hansı daşın altın qaldırsan, orada insanların pul axtarışında olan durumları ortaya çıxacaqdır. Biz niyə ancaq yemək haqqında düşünürük?

Elə uzun bir dövr keçməyib ki, dünyanın nəhəng yazıçıları yadımızdan çıxsın. O boyda külliyatı bizim üçün qoyub gediblər. Biz də oxuyuruq, düşüncəmizi formalaşdırırıq, hisslərimizi cilovlayırıq, davranışımızı qaydasına salırıq. "Amma nə olsun, ədəbiyyat nə zaman qarın doyurdub” ifadəsini də işlədirik. Birincisi nankor olduğumuz qədər də, ikincisi də düşüncələrimizin primitiv olduğunu sübut edirik. Ədəbiyyat mətbəx deyil ki, girib bir tikə yeyib qarnını qaşıyasan. Görünən mənzərə odur ki, ruhumuzu dincələdən şeylər bizə, qarnımızı doyuzduran qidalardan üstün gəlir.

Ədəbiyyat oxumayan insanların davranışları, onların içindəki hisslərdən ötə deyildir. Görünən sadəcə ayaq üstə yeriyən ikiayaqlı canlıdır. Ola bilsin, o canlı hətta heçdir, biz isə heçliyini görmürük və ya görürüksə üzünə vurmuruq.

Heç vaxt arzu olunan deyil ki, kitab, ədəbiyyat deyildikdə mütləq gedib bir yazıçının əsərini oxumalısan. Əgər hərə öz sahəsinə uyğun kitabları oxusa onsuz sonda ədəbiyyata marağı artacaqdır.

Bəs ədəbiyyat vaxt alırmı? İnsan taleyinin yarıdan çoxu, mənasız insanlarla ünsiyyətdə olmaqla, mənasız serialları izləməklə, şəhərdə boş avarlanmaqla keçir. Bir sətir kitab oxu desən, vaxtın olmazlığından şikayət edir. 24 saat saatdan yar;m sat kitab oxumaq nə vaxt apara bilər ki?

Özümüz üçün xoşbəxtlik düzəldirik. İçində qadın, parfüm qoxusu, gəzmək, dönərlənmək, lahmacunlanmaq, içkilənmək və s, və s...

Çoxumuz elə bilirik ki, çevrənmizdəki insanlar zövqüdürlər. Ancaq bir az yaxınlaşdan görürsən üç cümləni yerində qoyub danışa bilmir. Üç cümləni ardıcıl qoyanların çoxunun da üç cümləsi eybəcər və mənasız olur. 

Niyə görə axı bizim ən ağır yerimiz kitab oxumamaq olsun ki? 

Yadıma bir hadisə düşdü: Mən orta məktəbi bitirəndə məktəbin köhnə kitabxanası yenisi ilə əvəz edildi. Kitabxanaya latın dilində nəşr edilmiş kitablar gətirildi. Köhnə kitablar isə yolun qırağına töküldü. Kitabların vərəqlərini külək havaya qaldırıb ora-bura çırpdıqca ürəyim parça-parça olurdu. Sanki kimsəzi və yalqız qalmış kitablar gözdən düşmüş kimi yerlərə çırpılır, yağışda islanır. Bütün kitabı külək cırıq-cırıq edib yaydı boş çöllüklərə. O an heç vaxt gözümün önündən getmir.

Fikrimi böyük bir ədibin fikri ilə bitirirəm. Uilyam Sommerset Moem :”Qısa və aydın yazmaq səmimi və xeyirxah olmaq qədər çətindir... "