Dünya 17:10 10.08.2018

Əfqanıstan 26 ildən sonra hava sahəsinə nəzarəti əlinə keçirdi

Əfqanıstan 26 il sonra hava sahəsinə nəzarəti öz əlinə keçirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Prezident Aparatının sözçüsü Şah Hüseyn Murtəzavi açıqlama verib. O, təxminən 26 ildir Əfqanıstanın hava sahəsinə nəzarətin xarici ölkələrin əlində olduğunu bildirib.

Kabil Beynəlxalq Hava Limanında yeni radar sisteminin qurulmasından sonra ölkənin buna nail olduğunu deyən Murtəzavi bu sistemlə hava sahəsinə daim nəzarət edə biləcəklərini söyləyib.

O, yeni qurulmuş radar sisteminin 30 milyon dollara başa gəldiyini və baxımı üçün hər il 10 milyon dollar vəsait xərclənilməli olduğunu bildirib.

Qeyd edək ki, SSRİ dövründə qurulan köhnə radar sistemi 1990-cı illərdə baş vermiş vətəndaş müharibəsi nəticəsində sıradan çıxmışdı. Taliban rejiminin 2001-ci ildə devrilməsindən sonra ölkənin hava sahəsinə nəzarət xarici qüvvələrin əlinə keçmiş və 2014-cü ildə Əfqanıstana təslim edilməsinin ardından özəl bir şirkətə verilmişdi.