Siyasət 23:04 18.05.2013

Əhmədinejat: “Azərbaycan daim mənim ürəyimdədir”

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərinin ilk günü prezident Mahmud Əhmədinejatın qəbulu ilə yadda qalıb. 

ANS-in səfərdə iştirak edən xüsusi müxbirinin məlumatına görə, Hacı Allaşhükür Paşazadə qəbula görə təşəkkürünü bildirib və onda olan əmanəti - Azərbaycan prezidentinin dost və qardaş salamını İran prezidentinə çatdırmağa tələsdiyini deyib. Hacı Allahşükür Paşazadə nümayəndə heyətini təqdim edəndən sonra belə səfərlərin iki ölkə arasında münasibətlərin daha da yaxşılpaşmasında oynadığı rolu qeyd edib. O, bildirib ki, Azərbaycan İranla həmişə dostluq və qardaşlıq münasibətləri qurmaqda maraqlıdır. Bu yolda hər iki ölkənin prezidentlərinin göstərdiyi cəhdlərin əhəmiyyətini bildirən Şeyxülislam fikrini belə bitirib: “Azərbaycanın İranın ancaq dostluq və etibarına ehtiyacı var. İlham Əliyev başda olmaqla Azərbaycan xalqı İrana rifah arzulayır, inkişaf və tərəqqi arzulayır”. Şeyx deyib ki, İran qanunlarına görə, prezident dalbadal iki dəfədən artıq seçilə bilməz. Ona görə də Mahmud Əhmədinejat beş il istirahət edəcəyi dövrdə, onun üçün əlverişli vaxtda Azərbaycana gələ bilər. Burada onu dost və qardaş Azərbaycan xalqı gözləyir. İranın Azərbaycana həmişə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən Şeyxülislam bu cür yardımın Qarabağ davası ilə bağlı tərəfini xüsusi qeyd edib. O, İran xalqına seçkilərdə uğurlar arzulayıb və Allahdan ən doğru olanının baş verməsini diləyib.

İran prezidenti Mahmud Əhmədinejat xoş sözlərə görə minnətdarlığını bildirib və öz növbəsində xahiş edib ki, Şeyxülislam onun da salamını cənab İlham Əliyevə çatdırsın. Azərbaycan və Iran arasındakı münasibətləri korlamaq istəyən qüvvələri şeytana işləyən bədxahlar adlandıran İran prezidenti deyib ki, bu arzuda olanlar öz arzularına çatmayacaqlar: “Iran Azərbaycanın inkişafını və güclənməsini istəyir. Əminəm ki, Azərbaycan da Iranla bağlı eyni arzudadır. Azərbaycan xalqı və Azərbaycan dövləti mənim ürəyimdədir və onu heç kim mənim qəlbimdən çıxara bilməz”.

İran prezidenti Azərbaycana dəvətə görə təşəkkürünü bildirib və bir daha dostu, qardaşı İlham Əliyevə səmimi salamlarını göndərib. O, İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurların qazanılacağına əminlik ifadə edib: “Əmin olun ki, İran və Azərbaycan həmişə bir-birinə arxa olacaqlar. İran-Azərbaycan əlaqələrini başqa ölkələrlə münasibətlərdən ciddi fərqləndirən cəhətlər var. Bu, din qardaşlığı və məhəbbətdir. Əminəm ki, qardaşım İlham Əliyevin müdrikliyi və çevikliyi iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcək”.

Qaynar.info