Ötən ilin oktyabr ayından İrəvan Dövlət Azərbaycan Dram Teatrının tanınmış aktyoru Əjdər Zeynalov işdən uzaqlaşdırılıb. Teatrın direktoru ilə aralarında yaranan problem əvvəl mətbuata, daha sonra isə məhkəmə müstəvisinə daşındı. Qaynarinfo çəkildiyi çoxsaylı serial və filmlərlə ölkə tamaşaçılarına yaxından tanış olan aktyorla müsahibəni oxuculara təqdim edir.

- Əjdər müəllim, necəsiniz?
- Əvvəla, diqqətinizə görə sizə və sizin timsalınızda bütün media nümayəndələrinə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, tək siz, yəni Azərbaycan mediası məni unutmur, problemlərimlə maraqlanır, onu geniş ictimaiyyətin diqqətinə çatdırmağa çalışır. Amma əfsuslar olsun ki, aidiyyatı orqanlar susqunluq nümayiş etdirir, elə bil heç mənim kimi, 30 il ömrünü teatr-kino sənətinə həsr eləmiş bir aktyoru artıq görmürlər və yaxud görmək istəmirlər. Doğrusu, mənə qarşı olan soyuq münasibətin səbəbini bilmirəm. Məni yaxından tanıyan insanlar bilirlər ki, həmişə dövlətimizə, xalqımıza, mədəniyyətimizə xidmət edən insan olmuşam. Xidmətlərimə baxmayaraq, mən direktor tərəfindən 30 illik iş yerimdən 2 günün içərisində çıxarıldım... 

- Əjdər müəllim, nə baş verdi ki, direktor bu addımı atdı? 
- Bu haqda mən çox danışmışam. Artıq demək olar ki, hamı hər şeyi bilir. Çox gülünc bir məsələdir. İrəvan Dövlət Dram Teatrı bu dəqiqə uşaq bağçasını xatırladır. Teatrın direktoru İftixar Piriyev də öz "toxunulmazılığından” istifadə edib "kəndxudalıq” eləyir. Əslində İftixar Piriyev arxayındır ki, ona heç kim nə isə etməyəcək, düzü, onun bu arxayınlığının səbəbini bir çox məqamlarla izah etmək olar. Fakt odur ki, 136 illik tarixə malik İrəvan Teatrının, onun yaradıcı heyətinin taleyi özbaşına bir direktorun əlində məhv olub gedir. Teatr İftixar Piriyevin sanki şəxsi obyektidir. Necə istəyir elə də hərəkət edir. İftixar Piriyevin bu cür hərəkətlərinə görə bu gün teatrda aktyor, aktrisa çatışmazlığı var.

- Suala cavab vermədiniz. İrəvan teatrdında dediyiniz kimi aktrisa-aktyor çatışmazlığı varsa, niyə sizin kimi 30 illik təcrübəyə malik aktyor teatrdan uzaqlaşdırıldı?
- Teatrdan tək mən çıxarılmamışam. Ötən ilin sentyabrda sezon başlayan kimi 9 nəfər işdən çıxarıldı. Onların 6 nəfəri aktyor, 3 nəfəri isə texniki işçi idi. Düzdür, onlar öz ərizələri ilə işdən çıxdılar, amma bu həm də direktora bir etiraz idi. Həmin vaxt Mədəniyyət və Turizm Nazirliyi teatrda yoxlamalar aparırdı. Nazirliyin nümayəndəsi İftixar Piriyevə dedi ki, "İftixar müəllim, bu nədi belə, elə bil teatra bomba düşüb". Oktyabrın 2-də İftixar Piriyev iki günün içində "düzüb-qoşub” yalançı təqdimatlarla, saxta ittihamlarla, şər-böhtanla məni də teatrdan çıxartdı. Təsəvvür edin ki, mən orda çalışa-çalışa müsahibə vermişdim ki, direktorun bu əməlinə etiraz olaraq yaradıcı heyət məni dəstəkləyir, onlar direktorun əməllərindən beziblər. Sadəcə onlar həqiqəti deməkdən qorxurlar. Bu müsahibənin sabahısı günü mənim acığıma İftixar Piriyev sənəd hazırlatdı, kollektivi tək-tək otağına çağırıb onlara hədə-qorxu gələrək bu sənədi imzalatdırdı. Sənəd də bundan ibarət idi ki, guya bu şəxslər mənimlə birlikdə işləmək istəmirlər. İnanın ki, o müraciətə imza atanların bəziləri ağlaya-ağlaya imza atıb. Bu çox dəhşətli haldır. İncəsənət məbədində görün insanlar nəyə məcbur edilir. İftixar Piriyev bu məsələ ilə bağlı iclas da eləmədi ki, birdən hay-küy düşə bilər. Bu müraciət imzalanan zaman 3 nəfər aktyor direktorun kabinetinə girib deyib ki, biz Əjdərin işdən çıxarılmasının əleyhinəyik, ona görə də qol çəkmirik. İftixar Piriyev də onlara deyib ki, "mən Əjdəri işdən çıxartsam kişi deyiləm, sizə söz verirəm, qol çəkin". Onlar da qol çəkib. Sabahısı əmrim divara vurulanda hamı şokda idi. O aktyorlardan birinin mənə dediyinə görə, girib İftixar Piriyevin otağına ki, "axı sən bizə kişi sözü verdin, niyə Əjdəri işdən çıxartdın?" O da deyib ki, "əcəb elədim, mənə işləmək öyrədəcəksiz?" İşdən çıxarılmağımın da səbəbi bu oldu ki, guya həmin gün işə 30 dəqiqə gecikmişəm. İftixarın kabinetinə gedib dedim ki, axı mən işə gecikməmişəm. Sən özün işə gələndə məni burda gördün. 4-5 nəfər yoldaşla pilləkanın aşağısında dayanmışdıq. İftixar qızarıb-bozarıb qayıtdı ki, gecikmisən, 12 nəfər də bunu görüb imzalayıb. Doğrusu, onun bu cavabından şok oldum. Dedim o insanlar məndən bir-iki saat sonra gəliblər. O da qayıtdı ki, əcəb eləyirəm, get, hara istəyirsən şikayət et. Yaradıcılıqdan, insaniyyətdən uzaq olan bu insana artıq nə deyəydim?..

- Bəs, nazirliyin teatrda apardığı yoxlamanın nəticəsi necə oldu?
- Yoxlamanın nəticəsi nədənsə açıqlanmadı. Eşitdiyimə görə, komissiya İftixara "humanislik” göstərib – deyiblər ki, ərizəni yaz, öz xoşunla işdən çıx.

- Bəs, nə oldu?
- Nazirliyin nümayəndələrinin bu sözündən sonra vəziyyətin ciddiləşdiyini-gərginləşdiyini görən  İftixar Piriyev də Naxçıvan rəhbərliyinə, Vasif Talıbova hansısa vasitələrlə "xod” tapıb. Guya hörmətli Vasif Talıbovun adından kimsə zəng eləyib Əbülfəs Qarayevə ki, İftixar "bizim adamdı”, ona dəyməyin. Deyilənə görə, yazıçı-səfir Hidayət Orucov da nazirə bu məsələ ilə bağlı zəng eləyib. Bu zənglərə görə İftixar Piriyev vəzifədə qala bildi. Bilirsiz, Hidayət Orucovun Əbülfəs Qarayevə bu məqsədlə zəng edəcəyinə inanıram, çünki deyilənə görə, İftixar Piriyevin uzun illər vəzifədə qalmasının səbəbi Hidayət Orucovdur. Amma İftixarın teatr direktoru vəzifəsində qalması üçün hörmətli Vasif Talıbovun zəng edəcəyinə inanmıram. Vasif müəllim təmiz, dürüst insandır. Vasif Talıbovun kifayət qədər məsuliyyətli, böyük vəzifəsi var. İnanmıram ki, bu kimi kiçik məsələlərə görə Vasif müəllim kiməsə nəsə desin. Kiminsə cəsarət edib Vasif müəllimin adından nə isə xahiş edəcəyini də təsəvvür edə bilmirəm. Vasif müəllimin əhatəsində olan və İftixar Piriyevi tanıyan insan heç zaman belə risk etməz. Çünki Vasif müəllim bilsə ki, ətrafında olan insanlardan kimsə onun adından istifadə edir, onu sərt şəkildə cəzalandırar. 

- Əjdər müəllim, İrəvan teatrında bu gün vəziyyət nə yerdədir?
- Desəm ki, bizə doğma olan İrəvan Dövlət Dram Teatrında vəziyyət çox acınacaqlıdır, bəlkə də səmimi qarşılanmaz, amma, doğrudan da, teatrda vəziyyət gərgindir. Uzun illər canlarının, enerjilərini bu teatrın inkişafına həsr etmiş peşəkar aktyorlar buradan uzaqlaşdırılıblar. Hazırda İncəsənət Gimnaziyasından iki müəllimə aktrisa kimi işə götürülüb. Əlbəttə, burada artıq peşəkarlıqdan söhbət gedə bilməz. Təsəvvür edin, bu müəllimələrə səhnədə necə danışmağı, necə durmağı, necə hərəkət etməyi mən öyrədirdim. Onların bacarıqsızlıqlarından bezmişdim. Ən elementar şeyləri bilmirdilər. Bunlar bir şey bilmirlərsə, bəs Gimnaziyada tələbələrə nə öyrədəcəklər? İncəsənət Gimnaziyasının direktoru humanist xanımdı, bu müəllimlərə şərait yaradıb ki, əlavə iş yeri kimi gəlib İrəvan teatrında çalışsınlar, pul qazansınlar. Amma bu müəllimələr – Sevinc Hüseynova və Ruhiyyə Eyvazova başlarını aşağı salıb sənət göstərmək əvəzinə İftixara qoşulub intriqa ilə məşğuldurlar. Yalan, saxta təqdimatlara qol çəkib, şər-böhtanla məşğul olurlar. Məhkəmələrdə yalandan şahidlik edərək ev yıxmaqla məşğul olurlar. Təmiz bir insanı- ömrünün 30 ilini teatra - kinoya həsr edən bir insanı ləkələməkdən çəkinmirlər. Bildiyim qədəri  Sevinc Hüseynova namaz qılır. İndi sual edirəm, namaz qılan, haqqın yolunu üstün tutan bir insan yalan danışarmı, yalandan şahidlik edərmi?

- O xanımlar da aktrisalar qədər maaş alırlar?
- Bəli. Özü də tam maaş alırlar. Bunun özü cinayətdir. Eyni şəxs iki yerdə işləyərək tam maaş ala bilməz. Qanunvericilikdə bu qadağandır. İrəvan teatrına iki aktyor da Sumqayıtdan dəvət olunub. Onlar da tam maaş alırlar. Aktyorları pərən-pərən salınan İrəvan teatrının gerçək durumu bundan ibarətdir. Fikir verin, İncəsənət Gimnaziyasının müəllimələri iyirmi günlük İrəvan teatrı ilə Türkiyəyə qastrola, əslində isə "xalturaya” gediblər. Bəs bu iyirmi gündə Gimnaziyada uşaqlara kim dərs deyəcək?

- Teatrdan çıxarıldığınıza görə məhkəməyə müraciət etmişdiniz. Məhkəmənin sonu nə ilə nəticələndi?
-Bəli, işdən qeyri-qanuni çıxarıldığıma görə Binəqədi rayon məhkəməsinə işə bərpa olunmağımla bağlı iddia ərizəsi ilə müraciət etmişdim. Binəqədi rayon Məhkəməsində işi aparan Almaz Süleymanova adlı obyektiv, vicdanlı hakim idi. Mənim qəlbimdə Almaz Süleymanovanın timsalında Azərbaycan qanunlarının keşiyində duran insanlara olan sevgi daha da dərinləşdi. Binəqədi məhkəməsində 3 ay davam edən araşdırmadan-prosesdən sonra işə bərpa olunmağım barədə məhkəmə qərar çıxartdı. Bu işdə, əlbəttə, vəkilim olan dostum, gözəl insan, daim mənim yanımda olan Adəm Orucovun da əməyi çox oldu. Binəqədi rayon məhkəməsinin bu qərarından hiddətlənən İftixar Piriyev qərardan apelyasıya şikayəti verdi. Apelyasiyada iş Tofiq Səmədov adlı hakimə düşdü. Kifayət qədər təcrübəli hakimə bənzəyirdi. Bu hakimin adını eşidən kimi hələ proseslər başlamamış bütün incəsənət aləmi, mediada olan dost-tanış bir ağızdan dedilər ki, Əjdər, sən uduzdun. Tofiq Səmədov haqq-ədalət tanımayan hakimdir. Sənin taleyin, ümumiyyətlə, insanların taleyi o hakim üçün axırıcı plandadır. Onun üçün vacib olan budur. (Barmaqlarını bir-birinə sürtərək pul işarəsi göstərdilər). Dedim inanmıram, yaşlı, təcrübəli hakimdi, ədalətli olacaq. Dedilər ki, baxarıq. Tofiq Səmədovun haqsız qərar çıxaracağını heç zaman təsəvvür etməzdim. Ancaq proses başlayan kimi Tofiq Səmədov qərəz nümayiş etdirdi. İşə baxanda aydın görünür ki, başdan ayağa qərəz, şər-böhtandır. Qarşı tərəfin – İftixar Piriyevin heç bir arqumenti yoxdur. Martın 29-da məhkəmə oldu. Vəkilim prosesdə iştirak edə bilmədi. Mən özüm özümü müdafiə etməyə çalışdım. Düşünürdüm ki, burada nə var ki, açıq-aşkar şər-böhtandı, hakim də təcrübəli, yaşlı hakimdi, yəqin gözü tox olar. Məhkəmədə qarşı tərəf danışdı, mən də faktlarla çıxış etdim. Hakim Tofiq Səmədov prosesi aprel ayının 19-na kimi  təxirə saldı. Aprel ayının 19-u məhkəməyə gələndə gördüm ki, İftixar Piriyevin vəkili 1 nəfər süpürgəçi, 1 nəfər paltar sexində işləyən, 1 nəfər əlbisə sexində işləyən, 1 nəfər rejissorun truppa üzrə köməkçisi, 4 nəfər də aktyor - ümumilikdə 8 nəfər şahid gətirib. Siz indi fikir verin, hakim bu adamları görüb İftixar Piriyevin vəkilindən soruşdu ki, bunlar kimdi? Vəkil də deyir ki, şahidlərdir, möhtərəm hakim. Hakim "şahidləri” bayıra çaxardandan sonra vəkil deyir ki, cənab hakim, çox xahiş edirəm əziyyət çəkib gəliblər, qoy danışsınlar. Hakim dedi ki, yaxşı 2-3 nəfər gəlib danışsın. Və komediya başladı. Bütün məsələ də bunun üzərində qurulub ki, mən 2 oktyabr 2017-ci ildə 30 dəqiqə işə gecikmişəm. Hamısı eyni sözü təkrarladılar. İftixar Piriyevin "şahidləri” də özü kimi bəsit, boş adamlardı. Biri fərqli bir söz söyləmədi. Təsəvvür edin ki, bu şəxslərin heç biri həmin gün orada – "hadisə yerində” olmamışdılar. Vəkilin dediyindən isə belə çıxdı ki, 17 nəfər işlərini, güclərini atıb, qapının ağzında oturub məni gözləyiblər ki, mən 30 dəqiqə işə geciksəm, tez gedib təqdimat yazıb, qol çəkib direktora verəcəklər. Əlbəttə, bu absurd idi. Və bu absurdu Tofiq Səmədov çox aydın görürdü. Sadəcə vicdanının səsinə qulaq asmadı. 

- Niyə?
- Eşitdiyimə görə, İftixar Piriyev Apelyasiyada qərarın onun xeyrinə çıxarılması üçün 3000 manat pul verib. Hakim də gözünü yumub 30 il canını teatra, kinoya həsr etmiş tanınmış aktyorun üstündən "uf” da demədən xətt çəkdi. 

- Hakimə nə vaxtsa özünün 30 dəqiqə işə gecikib-gecikməməyi barədə sual vermədiniz?
- Xeyr, bu sualı versəydim də Tofiq Səmədov bunun mənəvi yükünü anlamazdı. 

- Bəs, indi neyləyəcəksiniz?
- Ali məhkəməyə müraciət etməyə hazırlaşıram. Mən həmişə haqqa-ədalətə inanmışam. İnanıram ki, Tofiq Səmədovdan fərqli olaraq haqqı-ədaləti Azərbaycanda yaşadan hakimlər az deyil. Bilirsiz, İftixar Piriyev İrəvan teatrının bərəkətini-bəkarətini məhv edib. Teatr məbəddir, məscidlər kimi, kilsələr kimi müqəddəsdir. Haram işləri sevmir. Əgər bu ocağa haram ayaq açıbsa, bir gün doğrudan da, o, "yanıb külə dönəcək”. 

- 7 aydır ki, işsizsiniz, dolanışığınızı necə təmin edirsiniz?
- Teatr sahəsində işləyənlərin maddi rifah halı çətindir, görün indi işləməyənlər necədir? Yoldaşım 2-ci qrup əlildir, 155 manat təqaüd alır. İki övladım var, tələbədirlər. Hərdən mənə də işlər düşür, işləyirəm, beş-on manat qazanıram. Birtəhər dolanırıq. Harda qırıldı-qırıldı.