Nəsimi Şərəfxanlı

Gözümüzü açandan dədə-babalarımız bizə öyüd-nəsihət, analarımız, nənələrimiz lay-lay əvəzinə "siz nə görmüsüz ki...” deyib öz yaşadıqlarını sadaladılar.

Allah qalanlara sağlıq versin, keçənlərə rəhmət eləsin. Heç narahat olmasınlar, nə demişdilərsə, hamısının iki qatını gördük: müharibəsini də, aclığını da, çevrilişini də...

70-ci illərin ortalarınadək anadan olanları müharibə cənginə alıb apardı, sonrakılar isə test şansının tələbəçılik sevincini tam dadmamış gərdişin elə bir burulğanına düşdü ki, hələ də özlərinə gələ bilmirlər. Neyləyək, bu da bizim taleyimizdi...

Ortada olan reallıq odur ki,  biz – 70-cilər çağdaş zamanın itirilmiş nəsliyik. Fiziksəl olaraq adda-budda varıq, amma bütövlükdə cəmiyyət üçün bizi yox saymaq olar. Əslində biz özümüzdən əvvəlkilərlə bizdən sonrakılar arasında körpü olmalıydıq. Yəni bu gün 60-70 yaşlı nəslin nəzarətindəki idarəçilikdən tutmuş tokar dəzgahınadək nə varsa, alıb mükəmməlləşdirib bizdən sonrakılara, 30-20 yaşlılara ötürməliydik. Amma, osmanlılar demiş, malesef, biz yoxuq ki...

Bu səbəbdən də nə kimsədən nəsə aldıq, nə də kimsəyə ötürmək imkanımız yox... Bu yazıyla nə taleyimizi dəyişmək fikrindəyəm, nə də Tanrıya şikayət etmək. Bizə də bu yazılmış, başa gələn çəkilər. İstəyim başqadır.  

Son günlər ya zəlzələdən, ya vəlvələdən paytaxtın ən gur tələbə məkanı olan "Elmər Akademiyası” metrosu, "Cavid” parkı ətrafında tez-tez oluram. Zatən təbiətin şıltaqlığından düz-əməlli yaz günəşi yox. Amma bu məkanda olan gənclər, tələbələr doğrudan-doğruya hər biri bir işıq, bir nur parçası. İnanın, biz belə görünmürdük.

Bizlərin dərdi nəydi ki, siyasi mübahisələr, nahar problemi, kirayə məsələsi, qiymət yazdırmaq, daha nə bilim nələr. Amma bir sizlər də o məkanı gəzin. Göy çəmən üstündə bardaş qurub  söhbətləşən, voleybol oynayan, dünyanın hər dərd-qəmindən uzaq gəzişən o gənclərə baxın. BU YENİ BİR NƏSİLDİR!!!...  

Ən bayağı şəkildə ifadə edəcəm: bu gənclik o qədər azad və o qəbər müstəqil ki, ən müasir, açıq-saçıq geyimli bir gənc xanım qara çarşaba bürünmüş bir rəfiqəsiylə elə anlayışlı görünür ki, mən nəinki "yapçı-cəbhəçi”, hətta "Cəbhə" daxilində "yurdçu"larla birgə beş addım gəzişə bilmədiyimizi xatırlayıram .

Biz bu qədər azad deyildik.

Bu da yanlışı və düzü ilə mənim etirafım!

Bizim nəslin ən millətçisi, ən demokratı belə boynunda pioner qaltuku, cibində komsomol bileti gəzdirmiş və nə qədər dansaq da, ruhumuzdan, düşüncəmizdən sovet qalıqları itməyib. Amma  Lenini belə bəlkə də tanımayan, Azərbaycan himnindən başqa nəyisə əzbərləməyə məhkum olmayan bir gənclik gəlir. Həm də doğrudan doğruya dədələrimiz bizə dediyi kimi-  "müharibə görməyən, aclıq bilməyən” (bura jetonsuz metrodan keçməyin yolların öyrənən, "bakuş”la naharı ötüşdürən,  sevdiyi qıza qamburqer almağıyla öyünən, dermantin kurtkanı dəri kimi göstərən  və s. "tapıntılarımızı” da əlavə edə bilərik) bir gənclik gəlir. Bu gənclik bizlər qədər iddialı olmasa da, dünyaya günəş kimi doğacaq bir Azərbaycan qurmaq gücündədir.

Dəyməyin onlara, siz Allah!  Zatən bizə dəyən dəyib, əvəzini bu nur parçalarından çıxmayaq. Onsuz da yoxuq, amma özümüzü varmış kimi göstərib  "növbə bizimdir” davasına qalxmayaq. Bu ölkəni bizdən əvvəlki nəsildən bu gənclərin alıb irəli aparmasını, ən azından övladlarımızın gələcəyi naminə, yalnızca seyr edək.

Hə, "bu gənclər siyasətə laqeyddi”, "geyimləri, saç düzümləri, davranışları mentalitetlə uyğunlaşmır”, "özlərindən başqa heç kimi bəyənmirlər”, "böyükləri dinləmirlər” deyənlər də tapılacaq. Bunların hamısı, hələ yazmadığım xeyli məqamlar həqiqətdir və elə bu həqiqətə görə bu gənclik öndədir. Onlar XXI əsrin ilk Azərbaycan gəncliyidir. Əslində bu missiya statistik baxımdan 70-cilərin üzərindəydi, biz bacarmadıq. Tarix üçün son böyüklüyümüz bunu etiraf edib kənara çəkilməkdir.

Cəmiyyətin sükanına uzanacaq əl haqqı həmin AZAD GƏNCLİYİnindir...

Qaynarinfo.Az