Ölkə 16:47 15.11.2019

Ekoloq: “Dünyaya yeni buzlaşma dövrü gəlir...”

Kəskin baş verən hava dəyişiklikləri insan sağlamlığına təsirsiz ötüşmür. Bəs görəsən, hava şəraitində birdən-birə baş verən dəyişikliklər nə ilə bağlıdır? Havaların kəskin dəyişməsi hansı problemlərə, insan sağlamlığında hansı fəsadlara yol aça bilir?

Həkim Rafiq Bayramov Modern.az-a bildirib ki, hava dəyişkənliyi ilə bağlı tənəffüs sistemi infeksiyaları çox müşahidə edilir:

"Ağciyər xəstəlikləri mütəxəssisi kimi onu deyə bilərəm ki, orqanizm adaptasiya olmadığı və immun sistemi normal olmadığı üçün tənəffüs infeksiyaları artır. Burada temperaturun anormal olması səbəbindən xəstəlik törədicilərinin də ətraf mühitdə uzun müddət öz həyat fəaliyyətini qorunması və yayılması əsas səbəblərdəndir”.

Havaların kəskin şəkildə dəyişməsinin əsas səbəbləri haqda isə tanınmış ekoloq Telman Zeynalov danışıb.

"Havanın kəskin dəyişməsi Yer kürəsinin Günəş ətrafındakı hərəkətindən aslıdır. Mən 77 ildir Bakıda doğulub, yaşayıram, həm istini, həm də soyuğu görmüşəm. Bu, "buzlaşma dövrü”dür. Buzlaşma dövründə hava qəfil ya isti, ya da soyuq olur. Bu hal yeni bir buzlaşma dövrü gəlməyənə qədər min illərlə davam edəcək. Son dövrlərdə isə qeyd edilir ki, biz yeni buzlaşma dövrünə qədəm qoymuşuq. Ona görə də havalar tədricən belə şıltaqlıq edir”, - deyə ekoloq bildirib.