Ölkə 15:30 07.02.2013

Əkrəm Əylisli xarici səfirliklərə müraciət etdi

“Daş yuxular” romanının müəllifi Əkrəm Əylisli Azərbaycandakı xarici diplomatik nümayəndəliklərə müraciət edərək hakimiyyət tərəfindən təqiblərə məruz qalmasına səbəb olan əsərini oxumağa çağırıb.

“Artıq 2 həftədən çoxdur ki, Azərbaycan hakimiyyətinə məxsus bütün KİV-də “Daş yuxuları” adl bədii əsərimə görə mənə qarşı ardıcıl mənəvi terror kampaniyası aparılır. Yaşadığım evin qarşısında icazəsiz kütləvi aksiyalar keçirilir, kitablarım yandırılır, ailə üzvlərimə qarşı ədalətsiz təzyiqlər göstərilir”, - müraciətdə deyilir.

“Bu, son 100 ildə Azərbaycanın ictimai həyatında görünməmiş hadisədir və bunun hakimiyyət tərəfindən həyata keçirilməsində  mənim heç bir şübhəm yoxdur. Mən bunu  hakimiyyət dairələri tərəfindən söz və ifadə azadlığına qarşı analoqsuz dözümsüzlük nümunəsi sayıram”, - yazıçı qeyd edir.

Bununla əlaqədar yazıçı xarici ölkələrin diplomatik təmsilçiliklərinə – ABŞ, İngiltərə, Almaniya, Fransa, Rusiya, Norveç, İsveç, İsveçrə,  Avstriya, Niderland, Ukrayna, Gürcüstan və digər ölkələrin səfirliklərinə, eləcə də Avropa İttifaqı, ATƏT və Avropa Şurasının nümayəndəliklərinə müraciət edərək  romanla tanış olmağı və münasibət bildirməyi xahiş edir.