Ölkə 21:04 11.08.2018

Ekspert: “Abituriyentlər müsabiqə şərti ilə keçid balı anlayışlarını qarışdırırlar”

"Abituriyentlər müsabiqə şərti ilə keçid balı anlayışlarını qarışdırırlar”.

Bu sözləri azedu.az-a açıqlaması zamanı təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, müsabiqə şərti Dövlət İmtahan Mərkəzi tərəfindən hər hansı bir ixtisas qrupunun, yaxud ixtisasın müsabiqəsində (ixtisas seçimində) iştirak etmək üçün qoyulan minimal tələbdir:

"Hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi çox vaxt ixtisaslara keçid balı kimi təqdim olunur. Abituriyentlərin nəzərinə bir daha çatdırım ki, bunlar tamamilə fərqli anlayışlardır. Keçid balı müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 40 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 200 nəfər göstərib. Bu zaman həmin 200 nəfərdən ən yüksək bal toplayan 40 abituriyent bu ixtisasa qəbul edilir və 40-cı abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur”

Kamran Əsədov qeyd edib ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

"Bu il I-IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas qrupları daxilində qəbul aparılan ixtisaslar üzrə keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentr rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir”.