Ekonomiks 17:12 11.10.2018

Ekspert: "Azərbaycan şirkətləri rəqabətdə xaricilərə uduzur"

Son 2-3 il ərzində geriləyən sahələr siyahısında mebel sənayesi ilk yerdə qərarlaşıb. Əvvəllər bu sahə inkişafda olsa da, ölkədə mebel üçün ağac ehtiyyatlarının kifayət qədər olmaması, xarici şirkətlərin Azərbaycanda daha ucuz və keyfiyyətli məhsul təqdim etməsi yerli mebel istehsalını zəifləməsinə səbəb olub.

İqtisadçı-ekspert Rəşad Həsənov yerli mebel istehsalının zəifləməsinin səbəbləri haqqında EkoNews-a danışıb. O bildirib ki, Azərbaycan bazarı bu sahə üçün çox kiçik olduğundan mebel sənayesində böyük şirkətlər yarana bilmir:

"Azərbaycan bazarı mebel üçün çox kiçikdir. Bu sahədə olan şirkətlərimizdə xarici bazarlara çıxa bilmirlər. Müqayisə üçün Türkiyə və İtaliyanı nümunə göstərə bilərik. Belə ölkələrdə mebel sahəsi istər dizayn, istərsə də keyfiyyət baxımından inkişaf ediblər. Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda mağazaları fəaliyyət göstərir".

Ölkədə daha çox xaricdən gələn mebellərə marağın olmasından danışan ekspert bunun müasir dizayn və marketinqlə əlaqəli olduğunu bildirib: 

"Azərbaycan mebel istehsalçıları xammala görə bir çox xarici ölkələrdən aslıdırlar. İstehsal üçün lazım olan məmulatların xaricdən idxal olunması qiymətə də təsir edir. Bundan başqa qiyməti bazara uyğun tənzimləmək üçün keyfiyyəti aşağı olan məhsullar istehsal olunur. Həm də xarici mebel şirkətləri reklam və marketinq siyasəti üçün böyük məbləğdə pullar ayırırlar. Azərbaycan şirkətlərinin isə bu qədər geniş imkanları mövcud deyil. Ona görə də rəqabətdə uduzurlar və insanlar da yerli məhsula deyil, xaricə mebellərə üstünlük verirlər".