Daxildə becərilən taxıl un məmulatlarının istehsalı üçün yaramadığından Azərbaycan digər ölkələrdən, xüsusilə də Qazaxıstandan taxıl idxal edir. Hazırda Azərbaycan Qazaxıstandan 600 min ton taxıl alır. İdxal olunan məhsul un məmulatlarının istehsalı üçün istifadə olunur. Qazaxıstan taxıl ixracatı ilə bağlı yeni marşurut xətləri layihəsi işləyib. Tələbatın çox olduğunu nəzərə alıb Qazaxıstan taxılın qiymətini artırsa, ölkədə un məmulatları, xüsusilə də çörəyin qiymətinin artım potensialı necə olacaq?

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı iqtisatçı-ekspert Rəşad Həsənov EkoNews-a açıqlama verib. O, Qazaxıstanın taxıl qiymətlərini artıracağı təqdirdə ölkədə də çörəyin bahalaşa biləcəyini söyləyib:

"Ölkə un məmulatlarının istehsalı üçün lazım olan taxıla görə Qazaxıstandan aslıdır. Mümkün ola biləcək qiymət artımı zamanı bizdə də çörək və digər un məmulatlarının qiyməti dünya bazarındakı rəqabətə uyğun nizamlanacaq”.

Qiymət artımının qarşısının alınmasından da danışan Rəşad Həsənov hökümətin bu sahədə güzəştlərə gedəcəyini istisna etmədiyini vurğulayıb.

"Taxılın qiymətinin artımı həm istehlakçıya, həm də istehsalçıya birbaşa təsir edəcək. Buna görə də hökümət güzəştlər tətbiq edərək qiyməti müvəqqəti də olsa, stabil saxlaya bilər. Bu artım uzunmüddətli olarsa, müəyyən subsidiyaların tətbiqi mümkündür. Əks halda çörəyin ya çəkisi ya da qiyməti artmalıdır”.