Dünya ölkələri arasında gedən soyuq müharibənin növbəti "isti" qurbanı İran ola bilər. ABŞ-ın nüvə sazişini pozmasının ardından Tehran uranın zənginləşdirməsini artıracağını bəyan etdi. Maraqlıdır ki, bu bəyanatı prezident Həsən Ruhani deyil, ali dini lider Əli Xamaneyi səsləndirdi. Bu o deməkdir ki, İranın mühafizəkar kəsimi Həsən Ruhani və onun komandasının xarici siyasətini uğursuz hesab edir, təşəbbüsü ələ almağa çalışırlar.
 
Qaynarinfo məsələ ilə bağlı politoloq Elxan Şahinoğlunun şərhini təqdim edir:
 
 

"Həsən Ruhaninin Amerikanın keçmiş prezidenti Barak Obama ilə imzaladığı saziş Donald Tramp tərəfindən pozuldu. Bu da Ruhaninin İrandakı mövqelərinin zəifləməsinə gətirib çıxardı.

İsrailin baş naziri Benyamin Netanyahu isə Avropa ölkələrini inandırmağa çalışır ki, İrana inanmaq olmaz. Onun Berlin, Paris və Londona turnesinin yeganə mövzusu İran idi. Avropa İttifaqı Amerikadan fərqli olaraq nüvə anlaşmasından çıxmaq istəmir. Buna baxmayaraq, Amerika sanksiyalarından ehtiyat edən Avropa şirkətləri bir-bir İranı tərk edirlər. Üstəlik Əli Xamaneyinin sosial şəbəkədə yazdığı "İsrail adlı dövlət Yaxın Şərqdən yox olmalıdır” cümləsi Avropada narazılıq doğurub. Məsələyə Almaniyanın kansleri Angella Merkel də narazlığını ifadə edib.

Bundan sonra isə ABŞ və İsrail İranı içəridən qarışdırmaq üçün müxtəlif ssenarilərə əl atacaqlar. Məsələn, Benyamin Netahyahu son video müraciətində bildirib ki, "iranlılar ağıllı insanlardır, təşəbbüskar və zəki düşüncəyə sahibdirlər. İranı tərk edib Qərbdə yaşadıqda elmdə və texnikada böyük naliyyətlər əldə edirlər. İrandakı rejim bu xalqa layiq deyil. Maliyyəni nüvə silahına və terrorçu təşkilatların silahlandırılmasına xərcləyir, halbuki, bu pulları ölkənin inkişafına yönəldə bilərdilər". 

B. Netanyahu bu açıqlama ilə faktiki İran xalqını qiyama çağırır".

Nərmin Həsənli