Ekonomiks 14:27 29.01.2020

Ekspert: “SOCAR istiqrazları üzrə edilən hər faiz ödənişi kapital bazarına inam yaratdı”

Böyük şirkətlər və maliyyə qurumlarından fərqli olaraq kiçik kapitallı fiziki şəxslərin xarici bazarlara çıxmaq imkanları məhdud olur. Onlar yerli bazarda vəsaitlərini şaxəli paylayaraq əmanətlərlə yanaşı, kapital bazarlarına, o cümlədən SOCAR istiqrazlarına investisiya qoyurlar.

Ümumiyyətlə, bu istiqrazların üstünlüyü nədir və investorlara hansı imkanlar verir?

Bu barədə qiymətli kağızlar üzrə ekspert Xanlar Alırzayev "Finans.az"a açıqlamasında bildirib ki, fiziki şəxslər dollarda sərmayə kimi bank əmanətləri ilə müqayisə edərək SOCAR istiqrazlarını seçirlər:

"Ticarətə buraxıldığı 2016-cı ildə ölkədə sürətlə dollarlaşma prosesi gedirdi. Banklara da inamın azalması nəticəsində manatla olan əmanətlər geri çəkilərək dollar alınmasına sərf olunurdu. Həmin dollarlar isə yenidən sərmayə kimi istifadə edilmirdi və evdə yığılıb saxlanılırdı. SOCAR istiqrazları bu dollarların yenidən iqtisadiyyata cəlb edilməsi üçün mühüm addım oldu. Əvvəlki illərdən fərqli olaraq, hazırda vəsaitini kapital bazarlarında investisiya edən fiziki şəxslər yaranıb. Həmin şəxslər dollarda sərmayə kimi bank əmanətləri ilə müqayisə edərək bu istiqrazları seçirlər. Bu istiqrazlarla təkrar bazarda 2000-dən yuxarı alğı-satqı əqdləri bağlanmışdır ki, onların 80%-dən çoxunda tərəflərdən ən azı biri fiziki şəxsdir".

Onun sözlərinə görə, istiqrazlar ilk gündən yüksək tələb görür: "Belə ki, 100 mln. dollarlıq SOCAR istiqrazlarının yerləşdirilməsində yüzlərlə investor tərəfindən 2 dəfədən çox tələb gəldi. SOCAR-ın faktiki olaraq transmilli şirkət statusu, maliyyə dayanıqlığının yüksək olması, reytinqi və bu kimi iqtisadi üstünlükləri investorların bu istiqrazlara üz tutmasında mühüm amillərdir. Məhz bunun üstünlüyüdür ki, bu gün xarici bazarlarda da SOCAR-ın 1,75 milyard dollarlıq avrobondu yüksək qiymətlə ticarət olunur. Yerli fond birjasında ticarət olunan SOCAR istiqrazına da xarici investorların marağı var".

Ekspertin fikrincə, üç ildən çoxdur SOCAR istiqrazı sahibləri faiz gəlirlərini gecikmə olmadan alırlar: "SOCAR istiqrazları üzrə edilən hər faiz ödənişi kapital bazarına inam yaratdı. Digər korporativ istiqrazlar SOCAR istiqrazına alternativ sayıla bilməz. Həm gəlirli olması, həm də rahat alıb-sata bilmək imkanının olması investorları qane edən məqamlardır. Onlar 5 faiz gəlir qazandıran risksiz və likvid investisiya alətinə sahibdirlər. Bu istiqrazların investorlara verdiyi ən yaxşı imkanlardan biri də sərfəli şərtlərlə repo əməliyyatlarıdır. REPO əməliyyatı investora imkan verir ki, qısamüddətli vəsait ehtiyacını qarşılamaq üçün istiqrazlarını satmadan, tam şəffaf formada birjada borc cəlb edə bilsin. SOCAR istiqrazlarının ticarət olunduğu Bakı Fond Birjasında bu günə qədər 34 mln. dollardan yuxarı repo əməliyyatları aparılıb”.

Xatırladaq ki, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR istiqrazlarının $1,25 milyonluq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb. Bununla da istiqraz sahiblərinin ümumi qazancı 16,250 mln. dollara yüksəlib. Növbəti faiz ödənişi 2020-ci ilin 17 aprel tarixində baş tutacaq.