Ekonomiks 10:38 16.01.2020

Ekspert: “Son bir ildə Azərbaycanın ixrac potensialının genişlənməsində Karbamid zavodunun mühüm rolu var”

2019-cu il yanvarın 16-da SOCAR-ın Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid zavodunun açılışı keçirilib. Zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. Zavodun məhsulu ixrac olunmaqla yanaşı, daxili bazara da yönəldilir.

Bəs, bu zavodun ölkə iqtisadiyyatı üçün hansı üstünlükləri var? Ümumiyyətlə, bir il ərzində zavod hansı töhfələr verib?

Zavodun fəaliyyətini şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, Karbamid zavodunun istismara verilməsi ilə Azərbaycanın qeyri-neft sektoruna böyük töhfə verilmiş oldu. O qeyd edib ki, bu zavod kimya sənayesi ilə əlaqəli olsa da, bilavasitə onun məhsulları qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətli olduğundan fəaliyyətini birmənalı şəkildə ölkənin qeyri-neft sektoru üçün vacib hadisə hesab etmək olar: "Karbamid zavodunun fəaliyyəti ölkədə bilavasitə qeyri-neft sektorunun inkişafı üçün olduqca zəruri əhəmiyyət kəsb edir. Zavodda istehsal olunan məhsul kənd təsərrüfatı üçün olduqca gərəklidir. Zavod kənd təsərrüfatını karbamid gübrəsi ilə təmin edir”.

Ekspertin qənaətincə, bu zavodun Azərbaycanda olması hər şeydən öncə xarici valyutanın ölkədən axınının qarşısının alınma vasitələrindən biri hesab olunmalıdır. "Əvvəllər karbamid gübrəsi xaricdən gətirilirdi. Zavodun fəaliyyətinin ən mühüm əhəmiyyəti odur ki, bu məhsullarla bağlı ölkədən xarici valyuta axınının qarşısı alındı. Həmin zavodun fəaliyyətinin ən birinci əhəmiyyəti budur”,- deyə o vurğulayıb.

P.Heydərov xatırladıb ki, zavod Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" (2008-2015-ci illər) çərçivəsində tikilib. Ekspert bildirib ki, bu isə həmin zavodun ölkənin aqrar sektoru üçün nə cür əhəmiyyət kəsb etdiyinin əsas göstəricisidir.

O, zavodun məşğulluq yaratmaq baxımından da əhəmiyyətini vurğulayıb: "Zavod elə formada investisiya qoyularaq təşkil olunub ki, orada istismar dövründə 400-500 nəfər işlə təmin olunur”.

İqtisadçı-ekspert zavodun ölkəyə valyuta cəlb etmək baxımından da rolunu qeyd edib. "Zavodda istehsal edilən məhsul daxili tələbatı ödəməkdən əlavə, həm də ixrac edilir. Beləliklə, ölkəyə valyuta cəlb olunur, xarici valyuta gətirilməsi təmin edilir. Yəni, bu zavodun əhəmiyyəti çox böyükdür”,- o bildirib.

P.Heydərov, həmçinin əlavə edib ki, zavod son bir il ərzində ölkənin ixrac potensialının genişləməsi, ölkədən qeyri-neft məhsullarının ixracının genişlənməsi tempində mühüm rol oynayır: "2019-cu ildə ölkədə qeyri-neft xarakterli məhsulun ixracında əldə edilən valyutada bu zavodun da fəaliyyətinin mühüm rolu olub”.  

Mənbə: Report.Az