Ölkə 14:56 23.10.2018

Ekspert yay-qış vaxtına keçməyə çağırdı: 1.5 milyon şagird çətinə vəziyyətdə

Təhsil eksperti Kamran Əsədov Azərbaycanda yay-qış vaxtının ləğv edilməsi barədə qərarın mənfi cəhətlərindən danışıb. 

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, o, 1.5 milyon şagirdin çətin vəziyyətə düşdüyünü vurğulayıb:

"Bildiyiniz kimi, 2016-cı ildə Nazirlər Kabineti yay-qış vaxtına keçidin ləğvi barədə qərar qəbul edib. Bu qərar 4500-dən çox orta məktəbdə oxuyan 1.5 milyon şagirdimizin qış aylarında səhər saatlarında, hələ hava tam işıqlanmamış evdən çıxmasına səbəb olur.

Qərar körpə uşaqların normal səhər yuxusu almadan məktəb və uşaq bağçalarına getməsinə, uşaqlar arasında aqressivliyin artmasına, zehni pozğunluğa və əsəb gərginliyinə gətirib çıxarır. 

Səhər saat 08:00-da məktəbdə olmaq üçün uşaqlar saat 07:00 və daha tez yuxudan oyanmalıdırlar. Saatlar irəli çəkilməyəndə isə bu saat 6 deməkdir. Qış aylarında saat 7, hətta 8 belə qaranlıq olur. 

Nəzərə alsaq ki, Azərbaycan ərazisində heç vaxt səhər saat 06:00-da Gunəş üfüqdə görünmür, onda deyə bilərik ki, ümumiyyətlə saatların yay və qış vaxtına keçilməməsinin heç bir müsbət nəticəsi yoxdur. Əksinə, kifayət qədər mənfi tərəfi var. 

Tədqiqatlara əsaslanaraq təklif edirəm ki, Azərbaycanda saat əqrəblərinin irəli və geri çəkilməsi payızda yenidən tətbiq edilsin".