Ölkə 12:54 28.01.2020

Ekspertdən nazirə çağırış:”Xaricdə təhsili üzrə ikinci dövlət proqramı qəbul olunsun”

"Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı bərpa olunsun”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadi-ekspert Qubad İbadoğlu bildirib. 

Onun sözlərinə görə, xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı çox azdır:

"Yaz semesteri başladı. Siyasi elmlər bölümündə apardığım ilk dərsdən xoş təəssüratlarla ayrıldım. Tərkibi əsasən ştat sakinlərindən olan qrupda yerli koreyalılar, ərəblər, hindistanlılar, cənubi amerikalılar və gəlmə avropalılar ibarət sinifdə həmişəki kimi özümüzünküləri axtardım. Təəssüflə deməliyəm ki, həmişəki kimi məyus oldum, artıq üçüncü ildir ki, bu istiqamətdə 2017-18-ci tədris ilində Princetonda, 2018-20-ci tədris illərində isə Rutgers Universitetində axtarışlarım nəticə vermir. Belə ki, son 3 ildə dərs verdiyim kurslarda Rusiyadan, Ukraynadan, Türkiyədən, hətta Ermənistandan da tələbələrə rast gəlsəm də, azərbaycanlı tələbə qarşıma çıxmayıb. Bunun başlıca səbəbi odur ki, bütövlükdə xaricdə təhsil alan azərbaycanlıların sayının az olduğundan, onlardan ABŞ-da oxuyanlara demək olar ki, nadir hallarda rast gəlmək olur. Bu da ABŞ-da Universitet təhsilinin digər ölkələrlə müqayisədə baha olması ilə əlaqədardır”.

Qubad İbadoğlu qeyd edib ki, bu səbəbdən də hazırda 500-dək tələbə yalnız Çində, Macarıstanda təhsil alır:

"Demək olar ki, onlardan da çox azərbaycanlı tələbələrə Rusiyada, Türkiyədə və Ukraynada rast gəlmək mümkündür. Hesab edirəm ki, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə ikinci dövlət proqramı qəbul olunmalı və növbəti tədris ilindən istedadlı tələbələrin dünyanın nüfuzlu universitetlərində təhsili bu proqram çərçivəsində maliyyələşdirilməlidir. Düşünürəm ki, bu neft gəlirlərinin insan kapitalına çevrilməsi sahəsinə ən səmərəli sərmayə ola bilər. Odur ki, bir daha Təhsil Nazirliyinə müraciət edərək, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə 2020-2025-ci illəri əhatə edən ikinci dövlət proqramının qəbulu təşəbbüsü ilə çıxış etməyə çağırıram”.

Bahar Rüstəmli