Son günlər dünyanın ən dəyrli kriptobalyutası hesab olunan "Bitkoin” sürətlə ucuzlaşır və artıq 6 min dollardan da aşağı düşüb. Mütəxəssislər Asiya iqtisadiyyatında kriptovalyutalara dövlət müdaxiləsinin olmasının, bəzi ölkələrdə kriptovalyuta ilə bağlı qaydaların sərtləşdirilməsinin, təhlükəsizlik, kiberhücumlar və oğurlanma kimi risklərin olmasının "Bitkoin"in dəyərlərinin düşməsinə səbəb olduğunu bildirirlər.
 
Ötən ay Çin, Cənubi Koreya və Hindistan kriptovalyutalarla bağlı yeni qanun layihəsinin qəbul ediləcəyini açıqlanmışdı. Lakin son bir həftədə "Bitkoin"in bu qədər dəyər itirməsinin əsas səbəbi Hindistanın maliyyə naziri Arin Kautlinin kriptovalyutadan istifadənin qadağan olunacağı ilə bağlı açıqlaması olub. Bu, başda "Bitkoin" olmaqla digər elektron valyutaların da məzənnəsinə təsir göstərib. Həmçinin, ABŞ və Böyük Britaniyada bir sıra bankların kredit kartları hesabına kriptovalyutaların alınmasını qadağan etməsi də elektron pul vahidlərini dəyərdən salıb.

Bəs kriptovalyutaların, xüsusilə də ötən ilin ortalarından etibarən dünyada məşhurlaşan "Bitkoin”in qiymətinin birdən-birə artması və tez bir zamanda bu qədər enməsi əslində onu inhisar altına almaq istəyən birja maqnatlarının bir oyundurmu? 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkiçafına Yardım Fondunun prezidenti Sabit Bağırov gələcəyin kriptovalyutalarda olduğunu və baş verən proseslərin əslində obyektiv xarakter daşıdığını bildirib:

"Bu amillərin hamısının qiymətlərin enməsində müəyyən mənada rol oynayır. Keçən ilin axırında kriptovalyutaların qiymətində müşahidə etdiyimiz yüksəliş müəyyən ajiotajla, bəzi hökumət qərarları ilə, birjalarda kriptovalyutaların fyuçers müqavilələrinin satışı ilə əlaqədar idi. Amma sonra müşahidə etdiyimiz düşüşlər də müəyyən mənada obyektiv xarakter daşıyır. Hələ ki, kriptovalyutaların kapitallaşması elə də yüksək səviyyədə deyil. Yəni, biz bu gün dünyada olan aktivləri nəzərdən keçirsək, görərik ən böyük aktivlər daşınmaz əmlakdır - 190 trilyon ABŞ dolları, borclarda – 95 trilyon, torpaqdır. Hətta qızıl aktivləri ümumi aktivlərin cəmi 3 faizini təşkil edir - 6 trilyon ABŞ dollarında bir qədər artıq.
 
Kriptovalyutaların aktivləri isə bazarda heç 1 faizə çatmır. Ona görə bu bazar çox kövrəkdir, böyük maliyyə qrupları çox asanlıqla ona təsir edə bilirlər. Amma obyektiv proses ondan ibarətdir ki, gələcək kriptovalyutalarındır. Dünyada bu gün 1400-ə yaxın kriptovalyuta var ki, lakin bunlar içərisində çox az sayda olanlar getdikcə daha da yayılacaq. Mən bunu gözləyirəm və başqa yolu da yoxdur. Dünya getdikcə rəqəmsallaşır, iqtisadiyyat rəqəmsal iqtisadiyyata çevrilir. Bütün ödənişlər ən yaxın zamanda tamamilə nağdsız həyata keçiriləcək və ənənəvi FİAT pullar ümumiyyətlə istifadədən götürüləcək. Dünya artıq bu istiqamətdə inkişaf edir. Əslində birjaların oynaması təkcə kriptovalyutada deyil, neftin qiymətində də son 1 ildə 2 dəfə artım olub. Yerində duran valyuta yoxdur. Dollar belə  inflyasiyaya məruz qalır və qiymətdən düşür. Bugünkü dolları 2000-ci ildəki dollarla müqaisə etsək görərik, 45% təxminən dəyərdən düşüb.
Kriptovalyutalardakı düşüşlər və qalxışlar ilk növbədə onunla əlaqəlidir ki, bu, yeni bir fenomendir və getdikcə daha böyük diqqət cəlb edir, bazara daha böyük sayda oyunçular daxil olur. Əlbəttə bu qalxma və enmələr hər zaman olacaq".

S.Bağırov bankların digər xidmət sahələrinə diqqət ayırmalarının vacibliyini vurğulayıb:

"Bir çox banklar başa düşür ki, qazanc imkanları azalacaq. Çünki, blokçeyn texnologiyası imkan verir ki, insanlar və şirkətlər öz aralarında birbaşa, vasitəçisiz əməliyyatlar həyata keçirə bilsinlər. Əgər bu, baş verirsə, deməli vasitəçiyə ehtiyac olmayacaq. Ona görə də banklar gərək başqa xidmət sahələrinə diqqətlərini artırsınlar və yeni iqtisadiyyatda yerlərini möhkəmləndirsinlər. Gözləmək olar ki, Kommersiya banklarının çoxu bağlanacaq. Bu, yaxın 10-15 ilin gözlənilən gələcəyidir. Hətta Böyük Britaniya Mərkəzi Bankının xüsusi tədqiqatında  qeyd olunur ki, gələcəkdə kommersiya banklarına yer yoxdur. Ola bilsin ki, hər ölkədə bir Mərkəzi Bank qalacaq və bütün vətəndaşların, fiziki və hüquqi şəxslərin, rezident, qeyri-rezidentlərin hesabı bir baça burada olsun. Təbii ki, bu, zaman tələb edən prosesdir. Lakin onu qeyd edim ki, artıq müasir texnologiyalar buna imkan verir. O cümlədən blokçeyn texnologiyası”.

Ekspert Azərbaycanda kriptovalyuta oyunçularının bir çox ölkələrlə müqayisədə çox az olduğunu diqqətə çatdırıb:

"Kriptovalyuta ilə məşğul olanlar bir neçə qrupa bölünür. Birincisi, mədənçilərdir. Onlar birbaşa kriptovalyutaların yaradılmasında iştirak edirlər. Təəssüf ki,  Azərbaycanda onların sayı mənim qənaitimə görə çox azdır. İqtisadiyyat gərək bu yöndə də inkişaf etsin. İkincisi, kriptovalyutaları alıb gələcək üçün saxlayanlardır ki, onlar bunun gələcəyinə inananlardır. Digər bir qrup isə burada sadəcə qazanmaq məqsədini güdərək, müxtəlif birjalarda alış-verişlə məşğul olanlardır. Azərbaycanda ümumiyyətlə kriptovalyuta ilə məşğul olanların sayı qonşu Gürcüstanla müqayisədə bəlkə 10 dəfə azdır. Gürcüstan bu sahədə çox irəlidə gedib. Belarusiyaisə artıq kriptovalyuta ilə əlaqəli fəaliyyətləri leqallaşdırıb. Rusiyada da hökumət səviyyəsində hazırda bununla bağlı qanunvericilik aktları hazırlanır, ciddi araşdırmalar aparılır. Məsələn yaxın zamanlarda İCO proseslərini tənzimləyən qanunun qəbul edilməsi gözlənilir. Rusiya Maliyyə Nazirliyi birbaşa bu qanunun hazırlanmasında təşəbbüskarlardan biridir. Çünki proseslərin hansı istiqamətdə inkişafını görürlər və başa düşürlər”.
 
S.Bağırov kriptovalyutaların cinayət amillərini artırması ilə bağlı iddialara da münasibət bildirib. O, qeyd edib ki, bunu danışanlar məlumatsız adamlardır:
 
"Düzdür, kriptovalyutaların istifadəsində müəyyən qədər anonimlik var, amma mötəbər birjaların platformalarına daxil olsaz, görərsiniz ki, orada iz qoymadan kriptovalyuta almaq-satmaq müşkül məsələdir. Belə ki, birjada qeydiyyatdan keçərkən sizdən pasport, yaşayış ünvanını təsdiqləyən sənədlər, bəzilərində hətta vergi qeydiyyatı, foto şəkliniz tələb olunur. İkincisi, daha böyük miqdarda cinayətkarlıq əslində elə ənənəvi pullarla həyata keçirilir”.

Çingiz Səfərli