Video 13:45 20.02.2019

Ekspertlərdən sonsuzluqla bağlı önəmli açıqlama (VİDEO)

Hələ toy olmadan nəvə sevdası elə güc gəlir ki, nəvə olmazsa sevən cütlüklərin sevdaları belə gözlərində qalır. Vay o günə ki, evlilik həyata keçəndən sonra sonsuzluq problemi ortaya çıxa. Nəticədə yaranan sonsuzluq problemi, ailədə söz-söhbətə, boşanmaya, nigaha son verməyə gətirib çıxara bilir.

ARB TV-nin "Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sorğu – Sakin: "Çox adam uşaq xatirinə evlənir. Bəzən görürsən heç çox adam övlad istəmir, istəyənə də tanrı vermir”. 

Sorğu – Sakin: "Gənclər ailə quranda, yaxud da ailələr övladlarını evləndirəndə orda məqsəd nəsil artırmaqdır. Əgər sonsuzluq varsa ona görə əvvəl-axır boşanma olacaq”.

Cavid İmamoğlu – Sosioloq: "Davamlı şəkildə sanki övlad istəyirlər, niyə yoxdur və tələb etmiş kimi çıxırlar. Doğrudan da bu yeni ailə həyatı qurmuş şəxsləri gərgin edir. Sonsuzluğa görə ailədaxili şiddət və yaxud ailələrin nigahına son verilməsi həqiqətən də qəbul olunmazdır çünki, dünyada artıq ailə modelləri dəyişir, hətta övlad istəməyən ailələr də var”.

Psixoloqlar sonsuzluq faktorunun yaranmasında 30-40 faiz psixoloji faktorun rol oynadığını deyirlər.

Aida Nəbiyeva- Psixoloq: "Sonsuz dövründə müalicə prosedurlarında stress hormonları yüksək olmamalıdır. O qədər ki, ailələrdə konflikt olur, söz-söhbət olur ginekoloqlar o hormonları aşağı sala bilmirlər. Bu problemi yaşamış bir psixoloqam, həmin xanımlara qrup terapiyaları keçməyi tövsiyyə edərdim. Çünki, o dövrdə insana lazım olan faktor məhz mənəvi dəstəkdir”.

Yəqin ki, körpə arzu etməyən heç bir ana-ata tapılmaz. Əgər bu onlardan asılı səbəblər deyilsə, niyə bu mövzuda onlar günahlandırılır. Niyə bunun cəzası qurulan ailələri dağıtmaqla tamamlanır?

Cavid İmamoğlu – Sosioloq: "Sonsuzluq ailədə sosial problemlərə, məsələn boşanmaya, nigaha son verməyə gətirib çıxarmamalıdır. Keçmiş təfəkkürdən yaxud da mental stereotiplərlə zəngin olan o təfəkkürdən uzaq qalmalıyıq. Dünyaya uşaq gətirə bilməyəndə övladlığa uşaq götürürlər, yaxud da hansısa formada valideynlik edirlər”.

Aida Nəbiyeva- Psixoloq: "Birinci, anlayışla qarşılamaq lazımdır. İkinci, keçmiş dövrlə indiki dövrü müqayisə etmək lazım deyil. Çünki o dövrün öz ekoloji mühiti vardı, bu dövrün öz ekoloji mühiti var. Üçüncüsü isə ailələrə rahatlıq vermək, təzyiqlərin dayandırmaq lazımdır”.

Qəribədir ki, hər şeyi qismətə bağlayanlar da bu mövzuda mütləq qınamağa, günahlandırmağa tərəf axtarırlar. Yaxşı olar ki, başqalarının həyatına müdaxilə edib kimlərisə bədbəxt etməkdənsə, özünüzə vaxt ayırın ki, həyatınızı yaxşı yöndə dəyişə biləsiniz. Əslində hər kəs üçün xeyirli olan da budur.