Siyasət 15:23 03.07.2013

EL-in ofisi hansı məmura məxsus olub?

EL hərəkatının Novxanıda yerləşən və ehtiyat statusunda olan ofisinin gerçək sahibi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovdur. 3 mərtəbəli möhtəşəm bağ evi formal olaraq Q. Məmmədovun Rahim Bağırov adlı xalası oğlunun adına sənədləşdirilib.

Mənbənin məlumatına görə, şəhərdəki ofisi bağlanandan sonra Q. Məmmədovun razılığı ilə Novxanıdakı mülk EL hərəkatına təmənnasız icarəyə verilib. Ancaq bundan xəbər tutan hakimiyyət nümayəndələri həmin baş evinə polis postu qoyublar və oraya kimsəni buraxmayıblar.

Hazırda da EL hərəkatının Bakıda bağlanan ofisindəki bütün əşyalar, texniki və s. avadanlıqlar Novxanıdakı həmin bağ evində yerləşir.

Yada salaq ki, aprelin 5-də çoxsaylı hakimiyyət nümayəndələri EL hərəkatının Novxanıda yerləşən ofisinə gələrək hərəkat üzvlərinə burada işləməyin mümkün olmayacağını bildirib, ev sahibində xəbərdarlıq ediblər. Nəticədə faktiki olaraq hərəkatın ofisi qapadılıb.

Həmin gün yayılan xəbərlərə görə, saat 14 radələrində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon polis idarəsinin rəisi və 10-a yaxın polis işçisi hərəkatın iqamətgahına gəlib. Hərəkatın əmlakının binaya daşınmasına imkan verilməyib, yük maşınları polis basqısı ilə geri qaytarılıb.

İcra hakimiyyəti başçısının müavini ev sahibinə bildirib ki, bundan sonra binaya yalnız ailə üzvləri daxil ola biləcək, heç bir kənar şəxsin içəri keçməsinə imkan verilməyəcək: “Bizdə məlumat var ki, dağıdıcı ünsürlər bu binada yığışaraq, dövlət çevrilişi hazırlayacaqlar. Bu səbəbdən də həmin binanı kənardan olan hər kəsə bağlayırıq”. 

Mülkün sahibinə deyilib ki, buraya heç bir kənar avadanlıq, əşya gətirilə bilməz.

Xəbərdarlıqdan sonra binanın qarşısında 24 saat fasiləsiz keşik çəkəcək polis postu qurulmuşdu.
O vaxt bildirilirdi ki, sözügedən bina EL hərəkatı təsisçilərindən birinin şəxsi mülküdür. Ancaq mülk sahibinin adı açıqlanmırdı. İndi isə mötəbər mənbə mülkün Q.Məmmədovun xalası oğluna məxsus olmasını iddia edir.

“Yeni Müsavat” məlumatı dəqiqləşdirmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinin mövqeyini də öyrənib. Şifahi sorğumuza cavab verən sədrin köməkçisi Namiq müəllim bu məlumatın yalan olduğunu deyir: “Tamamilə yalan məlumatdır. Qərib müəllimin Rahim Bağırov adlı xalası oğlu yoxdur.”

Qaynar.info