Yaxud, qanla tər arasında

Vahid Qazi

Bu gün 1993-cü ilin 29 avqustunda prezident Əbülfəz Elçibəyə etimad məsələsinin ümumxalq səsverməsinə çıxarılmasından 25 il ötür.

Bu o vaxt idi ki, erməni qoşunları bir-birinin ardınca şəhərlərimizi işğal edirdi. Bir ay əvvəl Ağdərə, Ağdam, bir həftə öncə Füzuli, Cəbrayıl zəbt olunmuşdu. Qubadlı uğrunda döyüşlər gedirdi, iki gün sonra o da tutulacaqdı.

35 gün sonra, oktyabrın 3-də isə köhnə prezidentinə etmadsızlıq göstərən xalq özünə yeni prezident seçəcəkdi. 98,84 faiz səslə!

Ölkənin qərbində vətən yolunda qan töküldüyü vaxt şərqində hakimiyyət üstündə tər axıdırdılar.

O davada "tərtökənlər” qalib gəldi. Tökülən xəcalət təri deyildi!
 
Həmin ay ermənilər Zəngilan rayonunu tutdu, əhali canxilası özünü Araza atdı.

Köhnə-yeni rəhbər ona etimad göstərib hakimiyyətə dəvət edən Əbülfəz Elçibəyə "xalqın əliylə” – referendumla etimadsızlıq sərgilədi. Onun prezidentliyinə rəsmən son qoydurub özü prezident oldu.

Üstündən 25 il keçən bu olaylara bu günün gözüylə baxanda təbii olaraq belə bir sual yaranır: "Başqa cür ola bilərdimi?”

Ağla yüz yol gəlir.

Məsələn, həmin günlərdə tək devrilmiş hakimiyyətin yox, məğlubiyyətə uğramış milli hərəkatın da uçub-tokülən damına çiyin verənlər vardı. Elə tək İsa Qəmbəri deyim. Hərəkat, hakimiyyət silahdaşlarına güvənməyib, bir kəlmə belə deməyib paytaxtı tərk edən siyasi liderə o çiyniyüklülər də etimadsızlıq haqqını, türkiyəlilər demiş, kullansaydılar, yəni uğursuz lider deyib Elçibəyin arxasından çəkilsəydilər bu gün onu xatırlayan neçə nəfər olardı?!

Yaxud əksinə, sonrakı illərdə ölkənin ən ucqarlarında belə dayaq məntəqələri yarada bilmiş, qaragüruhdan arınmış, sıralarına böyük ziyalı ordusu cəlb edib güclənmiş Müsavat partiyası Elçibəyi başqan, İsa Qəmbəri namizəd elan edib (Mümkün idimi? Mümkün edilməliydi!), bütün narazı elektoratı cəmləyib ölkənin tək ana müxalifəti kimi 1998-ci ilin bədnam boykot oyununa getməsəydi hadisələr necə cərəyan edərdi, Azərbaycanın sonrakı taleyi necə olardı?

İndi suallar keçmişə yox, bu günə, sabaha ünvanlanmalıdı, bilirəm!

Cəmi bircə il prezident olmuş liderinə etimadsızlıq edən Xalq, 25 ildi etimad göstərdiklərinlə xoşbəxtsənmi?

Demokratiya, haqq, ədalət filan demirəm, 25 ildi səsini içinə salıb Qarabağsız yaşayırsan! Etimadın doğruldumu?

25 il əvvəl etdiyin etimadsızlıq nəyə, kimə idi?

Elçibəyəmi? Razıyam, məğlub prezidentə güvənilməz! Bəs, sonrakılar necə, qalibdirlərmi? Səndən başqa kimisə məğlub etdilərmi?

Elçibəyin nazirlərinəydimi etimadsızlığın?  Bu gün hər çıxarılan nazirin milyardlarla dollar oğurladığı məlum olur. O vaxt hansı nazir nə oğurlamışdı ki, etimadsızlıq etdin?

Uşaq-muşaq deyirdin onun icra başçılarına? Səni təhqir edən, haqqını boğan, namusuna əl uzadan Elmar Vəliyevlərədimi etimadın?

Ağdərə alınmışdı. Kəlbəcəri qaytarmağa, Xankəndinə girməyə iddialıydıq. Yuxarıda yazdığım "tərtökənlər” gəlib Qarabağı yerli-dibli verdilər. 25 ildi Qarabağsızsan, indi niyə etimadsızlıq etmirsən?

Bu suallar da müzakirə açmaq yox, tarixə baxmaq üçündü. İstəyirəm keçmişə dalıb gümanlarla yaşayanlardan yox, gələcəyə yol axtaranlardan olaq.

Arxadakı yolların biridən qan, o birindən tər iyi gəlir! Hardadı bəs, gül qoxuyan gələcəyin yolu?

25 il zaman keçdi, yenə təzə bir zamana ehtiyac varmı, Əbülfəz bəy!?

29 avqust 2018