Siyasət 17:30 04.06.2013

Elçibəyin 75 illik yubileyi necə qeyd ediləcək?

Mübariz Qurbanlı: “Belə bir təşəbbüsün olub-olmadığı ilə bağlı məlumatsızam”

Arzu Səmədbəyli: “Bu tədbir də əvvəlki illərdə olduğu kimi qeyd ediləcək”

Gözəl Bayramlı: “Hazırda işlər İP səviyyəsində gedir”


İyunun 24-də Azərbaycan Azadlıq Hərəkatının qurucusu, eks-prezident Əbülfəz Elçibəyin 75 yaşı tamam olur. Bəzi partiyalar onun 75 illik yubileyinin dövlət tərəfindən keçirilməsinin tərəfdarıdırlar. Bu cür təklifi Milli Məclisin tribunasından Milli Dirçəliş Hərəkatı Partiyasının (MHDP) sədri Fərəc Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa səsləndiriblər. Bütün bunlara baxmayaraq, həmin yubileyin dövlət səviyyəsində keçiriləcəyi inandırıcı görünmür. Çünki Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı mətbuata açıqlamasında deyib ki, Əbülfəz Elçibəyin yubileyinin dövlət səviyyəsində qeyd ediləcəyi ilə bağlı hər hansı məlumatı yoxdur: “Belə bir təşəbbüsün olub-olmadığı ilə bağlı məlumatsızam. Buna görə də bu barədə heç nə deyə bilmərəm”.

Bəs yubileyi ölkənin aparıcı müxalifət partiyaları-AXCP və Müsavat necə qeyd edəcək?

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli Qaynar.info-ya açıqlamasında deyib ki, partiyada Əbülfəz Elçibəyin 75 illik yubileyini qeyd etmək üçün hazırlıqlar gedir: “Bu tədbir də əvvəlki illərdə olduğu kimi qeyd ediləcək. Yəni yubiley xüsusi qeyd edilməyəcək. Tədbiri Müsavat Partiyasının qərargahında keçirəcəyik. Başqa yerdə keçirməyə imkanımız yoxdu. Bizə hər hansı tədbir keçirmək üçün yer vermirlər ki”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı da yubileyin keçirilməsi üçün hazırlıqların getdiyini deyib: “Həm “28 may”la bağlı, həm də Əbülfəz Elçibəyin yubileyilə bağlı İctimai Palatada müzakirələr olmuşdu. Hazırda da işlər İP səviyyəsində gedir. Bununla bağlı yaxın vaxtlarda mətbuata məlumat veriləcək. Təbii ki, xüsusi bir tədbir olacaq, sıradan bir tədbir ola bilməz. Elçibəy Azərbaycan tarixində xüsusi rol oynamış şəxsiyyət olub. Təəssüf edirik ki, belə tədbir dövlət səviyyəsində keçirilmir. Amma Elçibəy yolunun davamçıları bu işi həyata keçirir və keçirəcək də”.

İlkin
Qaynar.info