Siyasət 10:31 26.06.2013

Elçibəyin kürəkəni ittihamlara cavab verdi

İyunun 23-24-də mərhum eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 75 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib. Bakıda Rəşid Behbudov adına Mahnı Teatrında iyunun 23-də eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 75-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimə ölkəmizin bir çox tanınmış ictimai-siyasi xadimləri, milli azadlıq hərəkatının veteranları və Elçibəysevərlər qatılıblar.

İyunun 24-də isə Əbülfəz Elçibəyin doğulduğu Ordubadın Kələki kəndində anlm tədbiri keçirilib. Tədbiri eks-prezidentin silahdaşı Mirhadı Yusifov açıb. Elə həmin gün Bakıda Demokratik Qüvvələrinin Milli Şurası və İctimai Palata mərhum eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib.

Qeyd edək ki, Elçibəyin yubiley tədbirlərinə hökumət rəsmilərindən kimsə qatılmayıb. Eyni zamanda Elçibəyin anım tədbirlərində iştirak edənlərlə bağlı müəyyən narazılıqlar yaranıb. Tədbirlərin təşkili, eləcə də görülən işlərlə bağlı əsas təşkilatçılardan biri olan Aqil Səmədbəyli ilə danışdıq. A.Səmədbəyli bildirdi ki, yubileylə bağlı Bakıda və Kələkidə tədbirlərlə yanaşı, ötən ay İstanbulda da konfrans keçirilib. A.Səmədbəyli yubiley tədbirləri ilə bağlı materialların kitab şəklində çap olunacağını bildirdi.

Dəvətlərlə bağlı səslənən iradlara gəlincə, o, YAP xaric, demək olar, bütün siyasi təşkilatların anım tədbirlərinə dəvətli olduğunu söylədi: “Bir də Sərdar Cəlaloğlunu dəvət etməmişdik. Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi partiyanın məclis sədri Zöhrab Abdullayevlə şəxsən danışıb tədbirə dəvət etmişəm. Qüdrət bəyin çoxlu sayda nömrələri var, onlardan hansında olduğunu bilmədiyim üçün danışa bilmədim. Ona görə də Qüdrət bəyin özü ilə danışa bilməmişəm. Bu baxımdan ola bilsin ki, məlumatsız olub irad səsləndirib”.

A.Səmədbəyli deyir ki, yubiley tədbirlərinə Əbülfəz Elçibəylə yolları fərqli olan bir nəfər də dəvət olunmayıb: “Konkret olaraq o tədbirlə bağlı Eldar Namazov və Əli Kərimlinin adları hallanıb. Əli Kərimli AXC-də hərəkat dövründə fəaliyyət göstərib, daha sonra Əbülfəz Elçibəydən sonra AXCP bölünəndə Əli Kərimli de-yure AXCP sədri kimi fəaliyyətini davam etdirib. Ə.Elçibəylə bağlı bütün tədbirlərdə iştirak edib və özləri də tədbirlər keçiriblər. Eldar Namazov vaxtilə xalq hərəkatında fəaliyyət göstərmiş dəyərli ziyalımızdır, indinin özündə də milli-demokratik düşərgənin aparıcı simalarından biridir. Bu baxımdan biz hərəkətlərimizi, gələcək planlarımızı insanların nə zamansa etdikləri səhvlərə görə qursaq, o zaman heç nəyə nail ola bilmərik. Bu gün əksəriyyəti milli-demokratik düşərgədən olan insanlar Milli Şurada təmsil olunurlar. Azərbaycandakı mövcud sülalə rejimindən qurtulmaq, ədalətli, demokratik cəmiyyət qurmaq uğurunda hamı bir yerdə mübarizə aparır. Bizim tədbirimizdə də iştirak edənlər həmin insanlar olub”.