Ölkə 12:40 08.11.2019

Elçin Səlcuqla bağlı Mətbuat Şurasına müraciət edildi

Bir qrup media nümayəndəsi və ziyalı tanınmış jurnalist Elçin Səlcuqla bağlı Mətbuat Şurasına müraciət edib.

Qaynarinfo həmin müraciəti təqdim edir:

"Bu il tanınmış jurnalist Elçin Səlcuqun anadan olmasının 55, vəfatının 10 ili tamam olur. Elçin Səlcuq 1964-cü ildə Naxçıvanda anadan olub. Jurnalistikaya ötən əsrin 90-cı illərində yaddaqalan yazılarla gəlmiş jurnalist 1991-97-ci illərdə "Azadlıq”, 1997-98-ci illərdə "525-ci qəzet”də çalışıb. 1998-2001-ci illərdə "Detektiv” qəzetinin baş redaktoru olub. Sonra "Proloq” ədəbi həftəliyində çalışıb. Ömrünün son illərində müstəqil köşə yazarı kimi fəaliyyət göstərib. Elçin Səlcuq 2009-cu il dekabrın 17-də Bakıda rəhmətə gedib.

Müstəqil Azərbaycan mətbuatında ilk gündən tanınan imza sahibinə çevrilən şəxslərdən biri də Elçin Səlcuqdur. Belə ki, jurnalistikaya, ədəbi mühitə, həmişə canlanma, qaynarlıq gətirən Elçinin ölümü Azərbaycan mətbuatında 10 ildir yeri doldurulmayan bir boşluq yaradıb. İstər siyasi, istər ictimai olaylarda bu gün də onun imzası olan sözü axtarmamaq olmur. Elçin Səlcuq imzası və yaradıcılığı bu günün gənc jurnalistikası üçün də örnək və məktəbdir.

Dəyərli jurnalistimizin doğumunun və ölümünün ildönümünün keçirilməsi, onu bir daha xatırlamaq və yaradıcılığını araşdırmaq mənəvi borcumuzdur.

İnanırıq ki, Mətbuat Şurası bizim müraciəti də diqqətə alaraq Elçin Səlcuqun anım tədbirinin keçirilməsinə yardımçı olacaq”.