Ölkə 13:32 19.04.2014

Elçin Şıxlı Rauf Mirqədirovun deportasiyasından danışdı

“Gecənin yarısında onu tutublar, yoldaşını, uşağını küçədə qoyublar”

“Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirov Türkiyədən deportasiya edilib. Bu barədə məlumatı Türkiyədə yaşayan jurnalist Şeyda Nəsibli verib. Bir müddət əvvəl tanınmış jurnalistin Türkiyədə mətbuat təmsilçiliyi ləğv edilib. Ötən gecə isə Rauf Mirqədirov ailəsi ilə birlikdə avtobusla Türkiyəni tərk etmək istəyib. Lakin yola düşəndən 15 dəqiqə sonra avtobus saxlanılıb, jurnalistə və ailə üzvlərinə qarşı kobudluq edilib. Heç bir səbəb göstərilmədən Rauf Mirqədirov avtobusdan endirilib.

Jurnalistin deportasiya proseduru üçün Əmniyyət İdarəsinin xarici vətəndaşlar şöbəsinə aparıldığı bildirilir. Hazırda deportasiya üçün sənədlər hazırlanır və jurnalist Azərbaycana göndəriləcək. Ailə ilə görüşə icazə verilmir.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı “Musavat.com”-a açıqlamasında faktı təsdiqlədi: “İki həftə bundan əvvəl heç bir səbəb göstərmədən onun akkreditasiyasını ləğv ediblər. Mən 10 gündür Türkiyənin səfirinə məktub da yazmışam ki, bunun səbəbini izah etsinlər, heç bir cavab vermirlər. Raufun özünə də heç bir izahat, cavab vermirlər. Pis vəziyyətdir. Ona 23 apreləcən vaxt veriblərmiş. Dünən də Rauf ölkəni tərk etmək istəyəndə həyasızcasına tutublar, gecənin yarısında yoldaşını, uşağını küçədə qoyublar”. E.Şıxlı dedi ki, hazırda R.Mirqədirov hazırda Ankara polisində saxlanılır: “Onu deportasiya edəcəklər. Yoldaşı ilə danışmışam, Raufla danışmağa isə imkan verməyiblər”.

Qaynar.info