Siyasət 15:16 15.04.2013

Eldar Həsənov Rusiyaya səfir göndərilir?

Səfir: "Mən cənab prezidentin sərəncamı ilə təyinatımı yeni almışam"

Məlum olduğu kimi, bir müddət öncə Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov vəzifəsindən geri çağırılması üçün ölkə prezidentinə məktubla müraciət etmişdi. Bunun da nəticəsində prezidentin sərəncamı ilə o, həmin vəzifədən geri çağırıldı və o yenidən Serbiya, Monteneqro, eləcə də Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfir vəzifələrinə təyin edildi.

AzNews.az saytı məlumat yayıb ki, Eldar Həsənov yaxın günlərdə səfir kimi fəaliyyət göstərdiyi bu ölkələrdən də geri çağırılacaq və Rusiyaya səfir təyin olunacaq: “Mənbəmiz iddia edir ki, onun Rusiyaya səfir göndəriləcəyi planlaşdırılıb. Baş verəcək yerdəyişməylə bağlı hazırda Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışan Polad Bülbüloğlu da məlumatlandırılıb”.

Xəbərdə qeyd olunur ki, ötən həftə P.Bülbüloğlu Bakıda səfərdə olub və bu səfər çərçivəsində onun səfir müddətinin başa çatması və bundan sonrakı durum müzakirə olunub.

Məlumatda deyilənlərin nə dərəcədə əsaslı olub-olmadığını dəqiqləşdirmək üçün Yeni Müsavat” səfir Eldar Həsənova müraciət edib. Eldar Həsənov açıqlamasında bildirib ki, bu informasiya tamamilə əsassız və yanlışdır: “Bu informasiyanı birmənalı şəkildə təkzib edirəm. Mən cənab prezidentin sərəncamı ilə təyinatımı yeni almışam. Rumıniyada vida görüşlərimi keçirirəm. Yaxın günlərdə Belqrad şəhərində Bosniya və Hersoqovinada, Serbiyada və Montenoqrada fövqəladə və səlahiyyətli səfir kimi fəaliyyətə başlayıram”.

Eldar Həsənov Rusiyadakı Azərbaycan səfiri Polad Bülbüloğlu barəsində də danışıb: “Polad Bülbüloğlu çox təcrübəli, çox peşəkar, böyük nüfuza malik olan bir səfirdir. Polad Bülbüloğlu dövlətçilikdə, idarəçilikdə, diplomatiyada peşəkar, işgüzar, eyni zamanda nüfuzlu bir ziyalıdır”.

Qaynar.info