Sənət 00:08 10.02.2015

Elə bilirlər, qız tutmaq üçün aksiya keçiririk – Gənc yazar

Gənc yazarlar – Ayxan Ayvaz və Tural Şahtaxtinski pulsuz kitab aksiyası keçiriblər. Metroda, şəhərin müxtəlif yerlərində, “İçəri Şəhər”də, “Tarqovı”da öz kitablarını hədiyyə ediblər. 

Aksiyada “Bir ürəyin qürubu” və Tural Şahtaxtinskinin “Uzaqda bir şəhər” kitabları paylanıldı. Ayxan Ayvazdan aksiyanın məqsədini soruşduq: “Turalla kafedə oturub söhbət edən vaxt bu ideya ağlımıza gəldi. 

Düşündüm ki, Azərbaycanda hamı kitabdan qaçır, kitab oxumamaq üçün adamlar bəhanələr axtarır. Nə bilim, pulumuz yoxdu, müəllifləri tanımırıq və s. Biz də belə qərara gəldik ki, kitabı cəmiyyətə özümüz təqdim edək. Yəni onlar kitabı görsünlər, tanısınlar. Neyləyək, Azərbaycanda kitabını satmaq, ondan pul qazanmaq müşkül məsələdir. Bir də görürsən, kitab mağazalarında bizə deyirlər ki, gəlin kitablarınızı götürün, satılmır, yer tuturlar. Onsuz da, biz öz üzərimizə düşən vəzifədən başqa işləri də boynumuza götürürük. Mənim işim yazmaq və kitabı nəşr etdirməkdir. 

Ancaq mən hələ kitabı dükanlara paylamalıyam, reklamını qurmalıyam... Uzundərə bir söhbət. Ona görə də düşündüm ki, kitabımızı paylasaq, bəlkə, cəmiyyət özü görər ki, biz nə gündəyik”. Daha sonra yazar aksiyadakı təəssüratlarını bölüşür: “Aksiya maraqlı alındı, məncə. Düzü, bəziləri hətta pulsuz kitabı belə götürmək istəmirdilər. Daha çox xanımların kitaba diqqətini gördüm. Düzdü, elələri vardı ki, elə bildilər, biz qız tutmaq üçün bu aksiyanı keçiririk. Ancaq bütün bunlar bir yana, münasibət normal oldu. 

Bizdə kitab oxuyan gənclik var. Ümidimi itirməmişəm. Nə vaxtsa, daha yaxşı olacaq. Azərbaycan oxucusu yetişəcək. Məsələn, mən bir fəhləyə kitab hədiyyə etdim. Bəlkə də, o həyatında ilk dəfə evə kitab aparacaq... İstərdim ki, bizim yazarlar da bu kampaniyaya qoşulsunlar”. Aksiyada iştirak edən digər yazar Tural Şahtaxtinski: “Düşünürəm ki, belə bir aksiyanın olmasına ehtiyac vardı. İnsanlarla daha yaxın olursan, onları kitablarla tanış edirsən. Məncə, belə bir aksiyada tək öz kitabını yox, digər müəlliflərin də kitabını hədiyyə etmək yaxşı olar. O ki qaldı kitabın satılmamağına, bu, hər bir müəllifin yaşadığı çətinlikdir. Təbii, bəziləri istisna olmaqla. Yazıçının işi kitab satmaq deyil, yazıçı, sadəcə, yazmalıdır. Uzaqbaşı bir kiçik aksiya edib kitabını insanlara hədiyyə edə bilər, onu da etdik. Onu deyə bilərəm ki, aksiya maraqlı oldu. Bizdə insanların bir-birinə inamsızlığı var, hətta əlində kitab da olsa, səndən qaçarlar. Amma həvəslə sənə doğru qaçanlar da olur bax bu, çox yaxşı haldır”. kult.az

Qaynar.info