Siyasət 13:48 30.04.2013

Əli Əhmədov: “YAP-ın üzvləri 600 mindir, 600 nəfər deyil”

Parlamentdə Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikllər edilməsi haqqında qanun layihəsi müzakirəsi zamanı İqbal Ağazədənin iradlarına Deputat Əli Əhmədov cavab verib. 

Qaynar.info-nun məlumatına görə, Ə.Əhmədov İ.Ağazadənin iradları ilə razılaşmadığını deyib: “Təklif olunan dəyişiklik doğrudur .Bununla bağlı müzakirə açmağa da ehtiyac yoxdur. İqbal Ağazadənin fikirlərinə münasibət bildirmək istəyirəm. Azərbaycanda xalqın iradəsini əks etdirən seçki məcəlləsi formalaşıb. Seçki kampaniyası üçün ayrılan vaxtlarda bağlı deyə bilərəm ki, təklif olunan müddət ən optimal variantdı. Heç bir ölkədə 4 ay kampaniya keçirilir. Azərbaycan əhalisi 100 milyon əhalisi olan ölkələrlə müqayisə edilə bilməz. Əgər siz deyən kimi olsa, gərək həmin ölkələrdə 1 il seçki keçirilsin. Azərbaycanda 5,5 milyon seçici var”.

YAP-çı deputat İqbal Ağazədinin regionlarda partiyaların iclaslarının dağıdılması ilə bağlı dediklərinə də münasibət bildirib: “YAP seçki dövründə deyil, ümumilikdə, ilboyu əhali ilə görüşlər keçirir. İqbal Ağazadənin yadına salım ki, YAP-ın üzvləri 600 mindir, 600 nəfər deyil. Təklif olunan dəyişiklikləri kifayət qədər normal hesab edirəm. Və buna görə də deputatları qanun layihəsinə səs verməyə çağırıram.

Sonda qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Qaynar.info