Siyasət 11:07 27.02.2018

Əli Həsənov: "Təmas xəttində hər an qarşıdurma baş verə və bu müharibəyə çevrilə bilər"

"Ermənistan hər gün atəşkəsi pozur, işğal etdiyi yüksəkliklərdən kəndlərimizi, dinc sakinlərimizi atəşə tutur. 2016-cı ilin aprelində də belə oldu. Ermənistan ordusu strateji yüksəkliklərdən yaxınlıqdakı kəndləri atəşə tutdular. Azərbaycan Ordusu məcbur olub əks-hücuma keçdi və böyük uğur qazandı".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına müsahibəsində deyib.

Müxbirin cəbhə xəttində atəşkəsin tez-tez pozulduğunu, 2016-cı ilin aprel ayında hərbi qarşıdurmanın və həmin döyüşlərdə Azərbaycan ordusunun uğurlu əməliyyatlarının şahidi olduğumuzu, Ermənistan hakimiyyətinin danışıqlar prosesindən boyun qaçırdığını nəzərə alsaq, yeni hərbi qarşıdurmanın başlanması təhlükəsi ehtimalı barədə nə deyə bilərsiniz sualını cavablandıran prezidentin köməkçisi bildirib ki, qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər: 

"İnsanlar öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıtmaq istəyirlər. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan Ordusu buna tam hazırdır. Aprel döyüşləri ordumuzun gücünü göstərdi. Təəssüflər olsun ki, Azərbaycana qarşı bu savaşı təkcə Ermənistan həyata keçirmir, bunun arxasında həm də çox güclü erməni lobbisi, həmçinin bəzi beynəlxalq güclər, erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələr, siyasətçilər dayanırlar.

Azərbaycan öz haqq işini müdafiə etmək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylər göstərir. Artıq bir çox uğurlarımız da var. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Biz bu işi o vaxta qədər davam etdirəcəyik ki, Ermənistan Xocalı soyqırımı zamanı törətdiyi vəhşiliklərə görə Azərbaycan xalqından üzr istəsin”.