Ölkə 17:32 16.05.2013

Əli Hüseynli “Diffamasiya haqqında” qanunun qəbulundan danışdı

“Qanunun qəbulunda heç bir problem görmürük”

“Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbulu məsələsi qüvvədə qalır və hazırda bunun üzərində iş gedir. Biz, bu qanunun qəbulunda heç bir problem görmürük”. Bunu APA -ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə. Hüseynli son günlər internet informasiya resurslarında da böhtan və təhqirə görə məsuliyyətin müəyyən olunmasının bu qanunun qəbulunu kölgə altına salması məsələsinə aydınlıq gətirib. Komitə sədri qeyd edib ki, Azərbaycan prezidentinin müvafiq fərmanı və insan hüquqlarının səmərələşdirilməsi ilə bağlı dövlət proqramı var, orada Milli Məclisə tövsiyə olunub ki, Diffamasiya haqqında” qanunun qəbuluna baxılsın: “Komitə sədri olaraq mövqeyim ondan ibarətdir ki, bu qanun qəbul oluna bilər və xüsusi bir problem yoxdur. Ümumiyyətlə, hesab edirəm ki, “Diffamasiya haqqında” qanunun qəbulu ifadə azadlığı ilə bağlı məsələlərdə faydalı ola bilər. Hərçənd beynəlxalq təşkilatlar qarşısında buna görə öhdəliyimiz yoxdur. Əslində “Diffamasiya haqqında” qanun hərfi mənada böhtan və təhqirdən qorunma deməkdir. Yəni bu daha çox təhqir və böhtandan qorunmadır, qanun müəyyən çərçivələr müəyyənləşdirir, cəmiyyətdə ictimai personalarla mətbuat arasında münasibətləri tənzimləyir”.

Qanunun qəbulunun ifadə azadlığı üçün faydalı olduğunu qeyd edən komitə sədri deyib ki, Azərbaycan cəmiyyətində tək vəzifəli yox, ictimai şəxslərlə bağlı verilən bəyanatlar, burada ortaya çıxan böhtan və təhqirlərlə bağlı məsələlərin gələcəkdə tənzimlənməsində də “Diffamasiya haqqında” qanunun böyük rolu ola bilər: “Bu, ictimai şəxslərin təhqir və böhtanla bağlı iddialarında daha dözümlü olması mədəniyyətini inkişaf etdirər. Eyni zamanda mətbuata da bu məsələdə daha dəqiq çərçivələri gözləmə vərdişlərini aşıqlaya bilər”.

Ə. Hüseynli bildirib ki, qanunun tezliklə qəbulu mümkündür: “Biz işimizi davam etdiririk. Eyni zamanda ictimai müzakirələri və media işçiləri ilə işimizi davam etdirməliyik. Qanunun qəbulunda mübahisəli məqam olan Cinayət Məcəlləsindəki 147 və 148-ci maddələrlə “Diffamasiya haqqında” qanunun heç bir əlaqəsi yoxdur. Bir sıra Avropa ölkəsində olduğu kimi Məcəllədəki bu maddələri saxlamalıyıq, çünki maddə çəkindirici xarakter daşıyır, tətbiq dairəsi çox dardır və bu maddənin tətbiqi zamanı da daim Avropa standartları nəzərə alınacaq”.

Ə. Hüseynli qanunla bağlı Avropa Şurasının Venesiya Komissiyasının rəyini gözlədiklərini də deyib.

Qaynar.info