Ölkə 13:05 18.10.2013

Əli İnsanov oktyabrın 28-də azadlığa çıxa bilər

Keçmiş səhiyyə naziri Əli İnsanov oktyabrın 28-də azadlığa çıxa bilər. Bunu “Media forum”a vəkil Toğrul Babayev deyib.

Oktyabrın 28-də Ali Məhkəmənin plenumu keçiriləcək və Əli İnsanovun məsələsinə baxılacaq. Toğrul Babayevin sözlərinə görə, oktyabrın 17-də Ali Məhkəmə ilə telefon əlaqəsi saxlayıb: “Ali Məhkəmədən bildirdilər ki, sizə Əli İnsanovun məsələsinin plenuma çıxarılacağı ilə bağlı rəsmi məktub göndərmişik. Amma hələ məktub bizə gəlib çatmayıb”.

“Plenumdan nə qərar gözləyirsiniz” sualını Toğrul Babayev belə cavablandırıb: “Əli İnsanov oktyabrın 28-də azadlığa çıxmalıdır. Çünki bununla bağlı Avropa Məhkəməsinin qərarı var və həmin qərar yerinə yetirilməlidir”.

Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb. 2013-cü il martın 14-də Əli İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Əli İnsanova 10 min avro kompensasiya da ödəməlidir.

Qaynar.info