Ölkə 18:48 07.02.2014

Əli İnsanov: "Məni öldürmək istəyirlər"

Bu gün keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsi davam etdirilib. Məhkəmə prosesində Əli İnsanov yenə də şüşə kabinəyə salınıb. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, bu günkü məhkəmə prosesinə Milli Şuranın sədri Cəmil Həsənli də qatılıb.

Əli İnsanov məhkəmənin iclas zalına gətirilərkən, Cəmil Həsənli onunla qısamüddətli də olsa, görüşə bilib. Əli İnsanov C.Həsənliyə "bu iqtidarın axırına az qalıb" deyib. Cəmil Həsənli isə Əli İnsanova öz kitabını hədiyyə edib.

Daha sonra Əli İnsanov məhkəmə prosesinin davam etdiyi zaman şüşə arxasından olduqca ciddi iddia ilə çıxış edib: "Məni öldürmək istəyirlər".

Məhkəmə prosesini müşahidə edən jurnalistlərdən biri kağıza iri hərflərlə "Sizin şüşə arxasında havanız çatırmı" sualını yazaraq, Əli İnsanova göstərib. Əli İnsanov isə cavabında şüşə arxasında havasının çatmadığını, şüşə kabinədə havasızlıq olduğunu bildirib.

Əməkdaşımızın verdiyi məlumata görə, Əli İnsanov çıxış edərkən, hakim tez-tez onun mikrafonunu söndürərək, danışığını kəsib. Eyni zamanda, hakim Əli İnsanovun vəkillərinin verdiyi vəsatətlərdən heç birisini qəbul etməyib.

Qaynar.info