Siyasət 13:30 04.05.2013

“Əli Kərimlidən İbrahimbəyova jest” -AÇIQLAMA

Həsən Kərimov: “Bu məsələdə liderlər mövqe ortaya qoymalıdırlar”

“Rüstəm İbrahimbəyov müsahibəsində Əli bəyin mövqeyini alqışlayıb”. Bunu Qaynar.info-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Həsən Kərimov tanınmış kinemotoqraf Rüstəm İbrahimbəyovun Milli Şura ilə bağlı dediklərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Milli Şuranın yaradılmasında AXCP tərəfindən hər şey hazırdır: “Yaxşı olardı ki, bu məsələlərə digər partiyalar cavab versinlər. Yəni Əli Kərimli deyib ki, birləşmiş koalisiya onu dəstəkləsə, məsuliyyəti üzərinə götürməyə hazırdır. O qeyd edib ki, başqa şanslı namizədlər olarsa geri çəkilməyə hazırdır və bunu digər partiya liderləri də etməlidir. Ona görə də bizim tərəfdən heç bir problem yoxdur”.

H.Kərimov deyib ki, Milli Şuranın bir həftəyə yaradılması siyasi liderlərin iradəsindən asılıdır: “Bu, bir günə də, 2 günə də, 1 həftəyə də mümkündür. Yəni siyasi iradəni ortaya qoymaq lazımdır. Seçkilərə az qalıb ona görə də kompromis variant tapılmalıdır. Danışıqların hansı mərhələdə olmasından xəbərsizəm. Amma mənə elə gəlir ki, bu məsələdə liderlər mövqe ortaya qoymalıdırlar”.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov sonuncu müsahibəsində də partiyaları birliyə çağırıb. O deyib ki, bu məsələdə liderlərin heç biri ortaya konkret təklif qoymur: “Onların Milli Şurada təmsil olunmaq üçün kimlərin namizədliyini irəli sürdükləri, orada kimləri görmək istədikləri məlum deyil. Mənim heç bir iddiam yoxdur, şuranın tərkibinə dair onlar qərar verməlidirlər”. R.İbrahimbəyov qeyd edib ki, AXCP və Müsavat liderləri Milli Şura ideyasını dəstəkləyirlər və onun işində məmnuniyyətlə iştirak edəcəklər: “Amma bir neçə şərtləri var. İndi bunları həll etmək lazımdır. Müzakirələr gedir və inanıram ki, problemlər həll olunacaq. AXCP sədri Əli Kərimli çox gözəl bir bəyanat verib ki, hamı şəxsi iddialarını bir kənara qoymalıdır”. Milli Şura ideyasının müəllifi bildirib ki, partiya sədrləri yaxın bir həftə ərzində razılığa gəlməsələr, onda təşkilat komitəsi yaratmaq lazımdır: “Ora partiya liderlərindən başqa ictimai-siyasi xadimləri, hüquq müdafiəçilərini, vətəndaş cəmiyyəti liderlərini də daxil etmək gərəkdir. Məsələləri açıq formada müzakirə etmək və nəticə əldə etmək üçün təşkilat komitəsi yaratmaq vacibdir. Mən üç-dörd gün gözləyəcəm, görək kompromisə gələ bilirlər, ya yox”.

İlkin
Qaynar.info