Bu yazıda Azərbaycan dilinin qüdrətini göstərəcək maraqlı bir detal var. 1030-cu ildə anadan olan, XI əsr müsəlman Şərqinin böyük dilçi alimi, xəttatı, filosofu olan Xətib Təbrizinin başına gələn və sonradan nəstəliq xətti ilə kağızın yaddaşına köçürdüyü bu hadisədə alimin vətən və dil sevdası öz sözünü deyir:
 
Bəlli yaşa çatandan sonra Xətib Təbrizi görkəmli alimlərlə görüşmək, dünyəvi elmlərə vaqif olmaq məqsədilə yola çıxır. Günlərlə yol getdikdən sonra pay-piyada gəlib Şam şəhərinə yetişir. Bu hadisə şəhərdə dildən-dilə düşür. Sonralar görkəmli alim kimi tanınan Xətib Təbrizinin həyatından göstərilən bu epizod ərəb salnaməçilərinin diqqətini çəkir. Gənc nəslə nəsihət kimi kitablara salınır. Salnaməçilər gənc nəslə nəsihət olaraq göstərirdi ki, mənzil başına çatanda Xətibin xurcunundakı kitablar tər qoxuyurdu.
 
O,  Şama gələrək dövrünün ən böyük alimlərindən olan Əl Məəri ilə görüşür. Əl Məəri ona ərəb dilinin bütün sintaksis və fonetik qaydalarını öyrədir. Xətib Təbrizinin özünün də etiraf etdiyi kimi ərəb dilində Əl Məəriyə məlum olmayan söz yox imiş. Alimin gözləri kor olsa da o, Xətib Təbrizini dövrünün böyük dilçisinə çevirə bilir.  Xətib də öz müəllimindən danışarkən həmişə bir hekayəni nəql edərdi: iki il onun yanında qaldım. Bu müddət ərzində vətənimdən heç birini görməmişdim. Məscidin həyətində dərs keçirdik. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında öz qonşumu da gördüm.  Sevincimi hiss edən ustad mənə dedi ki,  get bir az onunla söhbət elə . Mən gedib qonşumla doğma Azərbaycan dilində danışdım. Əl Məərə qayıdarkən məndən soruşdu ki siz  hansı dildə danışırdız? Cavab verdim ki, öz ana dilimdə, yəni Azərbayacanca. Dedi ki , bu dili bilmirəm amma danışdığınızın hamısını əzbər təkrar edə bilərəm və etdi də..
 
Doğrudur,  bir dilçinin qüdrətini əks etdirən bu hekayədə ikinci məqam da alimin qürbət eldə vətən yanğısı çəkməsidir. Bir həmyerlisini görən kimi cəld onun yanına qaçan alim həsrətində olduğu Azərbaycan dilində acgözlüklə danışır. Amma qrübət nisgilinə baxmayaraq peyğəmbərin "elm Çində də olsa arxasıyca get” kəlaməna icra edən Xətib Təbrizi demək olar ki, bu yol səbəbindən ömrünün sonunadək vətənə dönmür.

Mənbə: azedu.az