Ölkə 14:46 15.06.2013

Elnur Aslanov: "Xaos yarana bilər"

“İnternet məkanında normaların tənzimlənməsinə dair qərarlarımız Avropa təcrübəsinə əsaslanır”

“Biz internetə nəzarəti həyata keçirmirik. Cinayət Məcəlləsinə edilən əlavə və dəyişiklərin təsdiqlənməsi ilə İKT məkanında həyata keçirilən normaları tənzimləyirik. Beynəlxalq təşkilatların nümayəndələrinin bununla bağlı tənqidləri qərəzli xarakter daşıyır”.

APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov söyləyib.

 Qeyd edək ki, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinin internet resurslarına da tətbiq olunması ilə bağlı parlamentin qəbul etdiyi qanun prezident İlham Əliyev tərəfindən təsdiqləndikdən sonra Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton və Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti komissarı Stefan Fuile Azərbaycanı tənqid edib. 

Buna cavab olaraq PA rəsmisi bildirib ki, bütün ölkələrdə ekstremist xarakterli materialların yayımlanmasının qarşısının alınması prosesi qanunla tənzimlənir: “Axı bir insanın digər insanı təhqir etməsi niyə cəzasız qalmalıdır? Bir şəxsin digərinə şər və böhtan atması niyə məsuliyyət yaratmamalıdır? Əks təqdirdə internet məkanında xaos yarana bilər. İstər Avropa ölkələrində, istərsə ABŞ-da uzun illər əvvəl internetdə münasibətlərin tənzimlənməsi üzrə və etik qaydaların həyata keçirilməsi üzrə bir sıra qanunlar, normalar qəbul edilib. Çünki həmin ölkələrdə internet çoxdan həyat normasına çevrilib. Bizdə isə internet hələ indi həyat normasına çevrilir. Artıq sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsidir. Bu baxımdan qəbul edilən qərarlar bəzən bizim cəmiyyət tərəfindən ehtiyatla qəbul oluna bilər. Lakin bu qərarlarımız Avropanın, bütün inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanır”.

 PA rəsmisi deyib ki, Avropa Birliyinin təmsilçilərinin bu məsələdə Azərbaycana qarşı nümayiş etdirdiyi mövqenin səbəbi – onların Azərbaycanda qəbul edilən qərarların mahiyyətini anlaya bilməməsidir.